ERMİTÁJ, Dövlәt Ermitajı – S.-Peterburqda bәdii vә mәdәni-tarixi muzey. Dünyanın әn böyük muzeylәrindәn biridir. Beş binanı әhatә edir: Qış sarayı (memar V.V.Rastrelli, 1554–62), Kiçik Ermitaj (memar J.B.M.Vallen-Delamot, 1764–67), Qәdim Ermitaj (memar Y.M. Felten, 1771–87), teatr binası (D.Kvarengi, 1783–87) vә Yeni Ermitaj (memar L. fon Klentse, 1839–52). E.-ın yaranma tarixi 1764 ildәn – II Yekaterinanın Berlindәn holland vә flamand mәktәblәrinә aid 225 tablonu aldığı vaxtdan hesablanır. 1852 ildә kütlәvi baxış üçün açılmışdır. Saxlanılan әsәrlәrin xeyli hissәsi sarayın “Ermitaj” (fr. ermitage – tәnha yer) adlanan apartamentindә yerlәşirdi; sonradan şәkil qalereyası bütövlüklә E. adlandırılmışdır. 1774 ildә E.-ın Qış sarayında toplanan tabloların sayı 2080-ә çatmışdır. Bununla bәrabәr, saraya antik dövrә aid rәsm vә qravürlәr, Qәrbi Avropa tәtbiqi sәnәti nümunәlәri, numizmatika, hәmçinin kitab kolleksiyaları (Volterin kitabxanası) daxil olmuşdur. E. kolleksiyalarının artması 19 әsrdә dә davam etmişdir (qәdim skiflәrә aid materiallar). E. rus mәdәniyyәtinin inkişafına böyük tәsir göstәrmişdir. Qiymәtli eksponatların artması, güclü ictimai maraq sәbәbindәn Yeni Ermitajın binası tikilmişdir. E.-da Qәrbi Avropa incәsәnәti Rafael, Leonardo da Vinçi, Tisian, Corcone, De Velaskes, P.P.Rubens, Rembrandt, O. Renuar, P.Pikasso, A.Matiss vә b.-nın nadir әsәrlәri, Mikelancelo, A.Qudon vә O.Rodenin әsәrlәrindәn ibarәt heykәltәraşlıq toplusu, 17– 18 әsrlәr fransız, ingilis boyakarlığının әn gözәl nümunәlәri, hәmçinin rәsm, qrafika kolleksiyası, tәtbiqi sәnәt abidәlәri saxlanılır.
Orta әsrlәrdә Şәrqdә, o cümlәdәn Azәrb.-da hazırlanmış dekorativ-tәtbiqi sәnәt әsәrlәrindәn nadir nümunәlәr E.-da nümayiş etdirilir. Azәrb. sәnәtkarlarının düzәltdiyi quş (tuncdan), insan, heyvan fiqurları (7–11 әsrlәr), kaşı mәmulatlar (12– 15 әsrlәr), mәişәt әşyaları (dolça, tiyan, kasa vә s.), Şirvan lülәyini (tunc, 1206), ağırlığı 2 t olan mәşhur tunc tiyan (1399, usta Əbdülәziz ibn Şәrәfәddin Tәbrizi), hәmçinin arxeoloji tapıntılar, keramika mәmulatları (14–17 әsrlәr) E.-ın ekspozisiyasını zәnginlәşdirir.
E.-da böyük elmi tәdqiqat işlәri aparılır, elmi konfranslar keçirilir, arxeoloji ekspedisiyalar tәşkil olunur, kataloqlar, albomlar, soraqçalar nәşrә hazırlanır, xarici ölkә muzeylәrinin sәrgilәri tәşkil edilir. 1941 ildә – müharibәnin ağır günlәrindә E.-da Nizami Gәncәvinin anadan olmasının 800 illiyi qeyd edilmişdir.