ÉROS (E r o t) – 433 saylı kiçik planet; almaniyalı hәvәskar astronom Q.Vitt tәrәfindәn 1898 ildә kәşf edilmişdir. E. Günәş әtrafında hәrәkәti zamanı Yerә yaxınlaşa bilәn, yer qrupuna aid kiçik planetlәrdәn biridir. Onun Günәş әtrafında fırlanma periodu 1.76 il, böyük yarımoxu 1.46 a.v., ekssentrisiteti 0.22, ekliptika müstәvisinә meyilliyi isә 10°.8-dir. Apohelidә E. Marsın orbitindәn kәnara çıxır, perihelidә isә Yerin böyük oxundan cәmisi 0.14 a.v. qәdәr aralıdan keçir. E.-un Yerә әn çox yaxınlaşması (әlverişli qarşıdurma) 37 ildәn bir olur vә 1894, 1930–31, 1967– 68 illәrdә müşahidә olunmuşdur. E.-un Yerә yaxın olması, onu Günәş parallaksının tәyin edilmәsindә әlverişli obyektә çevirmişdir. 1950 ildә amerikan astronomu E.Rabe, 1926–1946 illәr әrzindә E.-un hәrәkәtinә aid müşahidә mәlumatlarına әsasәn Günәş parallaksının qiymәtinin 8ʺ.79835±0ʺ.00058 olduğunu göstәrmişdir (o dövrdә qәbul olunmuş qiymәt 8ʺ.80 idi). Sonralar anoloji hesablamalar 1926–65 illәr әrzindәki müşahidәlәrә әsasәn aparılmış vә parallaks üçün alınan yeni nәticә (8ʺ.79417±0ʺ.00018 – Rabe, Frensis) radiolokasiya tәdqiqatlarından alınmış qiymәtlә tam üst-üstә düşmüşdür. E. nisbәtәn parlaq kiçik planetdir; qarşıdurma zamanı (bax astronomiyada Konfiqurasiyalar) Yerdәn olan mәsafәdәn vә planetin oriyentasiyasından asılı olaraq onun parlaqlığı 6.7¸11.3 ulduz ölçüsü tәrtibindә dәyişir. Kiçik planetlәr arasında parlaqlığın periodik dәyişmәsi hadisәsi ilk dәfә E.-da müşahidә olunub (1901). Parlaqlığın dәyişmәsinin maks. amplitudu 1.5 ulduz ölçüsü, periodu isә 5 saat 16 dәq. tәşkil edir. Bu kiçik planetin parlaqlığının dәyişmә әyrisinin period әrzindә 2 maks. vә 2 minimumdan keçmәsi faktına әsasәn astronomlar belә qәnaәtә gәlmişlәr ki, E. uzunsov formaya malik fırlanan göy cismidir. Sonralar birbaşa müşahidәlәr vasitәsilә bu mülahizәnin doğru olduğu tәsdiqlәnmişdir. Ulduzların E. tәrәfindәn örtülmәsini müşahidә edәrkәn mәlum olmuşdur ki, E., görünәn qırağının konturu düzgün formaya malik olmayıb, en kәsiklәrinin ölçülәri 21 vә 13 km olan hantel şәklindәdir.