ESA Dİ KEYRÓŞ (Eça de Queiroz), Esa di Keyruş Joze Mariya (25.11.1845, Povuadi-Varzin – 16.8.1900, Paris) – Portuqaliya yazıçısı. Koimbra un-tinin hüquq fakültәsini (1866) bitirmişdir. 1872–1900 illәrdә diplomat işlәmişdir. 1866–67 illәrdә “Portuqaliya qәzeti”ndә dәrc edilmiş, yaradıcılığının ilk nümunәlәri olan felyetonları (“Barbar nәsri” toplusu, 1905) romantizm ruhunda yazılmışdır. 1870-ci illәrdәn yaradıcılığının başlıca metodunu tәnqidi realizm tәşkil etmişdir. E. di K. realist “Koimbra mәktәbi”nin (bax Portuqaliya, Ədәbiyyat bölmәsi) әn böyük nümayәndәsidir. Romanları, xüsusilә “Amaru atanın cinayәti” (1875, yenidәn işlәnmiş nәşri 1880), “Əmioğlu Baziliu” (1879) vә “Mayya ailәsi” (1879) bütün Avropada uğur qazanmışdır. “Amaru atanın cinayәti” romanı әsasında “Amaru atanın sirri” filmi (2002), “Sarışın qızın şıltaqlığı” novellasının әsasında eyniadlı film çәkilmişdir (2009).