ESEN (? – 1454/55) – oyrat (qәrbi monqol) hökmdarı, tayşi (birinci nazir) vә xan. 1439 ildә Daysun xanın dövründә formal şәkildә tayşi sayılan, lakin faktiki olaraq ölkәdә bütün hakimiyyәti әlә keçirәn atası Toqonun [1418–39] ölümündәn sonra onun yerini tutdu. Atasının siyasәtini davam etdirәrәk E. bütün monqol torpaqlarının birlәşdirilmәsini qısa müddәtә başa çatdırdı. 1449 ildә monqollara sәrfәli olan ticarәt siyasәtini yeritmәyә çalışaraq Çinә yürüş etdi vә Xuaylay (Çaxar) r-nunda Çin ordusu üzәrindә qәlәbә çalaraq aralarında imperator İn-szun [1436–49] da olmaqla çoxlu әsir әlә keçirdi. Çinlә sülh müqavilәsi (1450) bağlandıqdan sonra E. Daysun xanı hakimiyyәtdәn kәnarlaşdırdı vә 1451 ildә özünü böyük xan elan etdi. E. mәrkәzi hakimiyyәtә qarşı çıxan yerli feodalların qiyamı zamanı öldürülmüşdür.