ESPARTÉRO Baldomero (27.10.1793, Qranatula – 8.1.1879, Loqronyo) – İspaniya hәrbi vә dövlәt xadimi, general. 1808 ildәn fransız işğalçılarına qarşı hәrbi әmәliyyatlarda iştirak etmiş, 1815–23 illәrdә İspaniyanın Cәnubi Amerika müstәmlәkәlәrindә üsyançılara qarşı ispan ordusunun tәrkibindә döyüşmüşdür. Birinci Karlist müharibәsi (1833–40) zamanı hökumәt birlәşmәlәrinә komandanlıq etmişdir. Siyasi mübarizәdә proqressistlәrin lideri kimi çıxış edirdi. 1840 ilin sentyabrında inqilabi xuntanın dәstәyi ilә hökumәt başçısı oldu, 1841 ilin mayında isә korteslәr tәrәfindәn krallığın vahid regenti seçildi. 1843 ilin iyulunda gen. Narvaesin rәhbәrlik etdiyi üsyan nәticәsindә devrilmiş vә B.Britaniyada mühacir hәyatı yaşamışdır (1848 ilәdәk). İnqilab (1854–56) zamanı yenidәn hökumәtin rәhbәri olmuşdur.