ESSÉ (fr. essai – sınaq, nümunә, oçerk) – konkret mövzu vә ya mәsәlәyә dair fәrdi tәәssüratları vә mülahizәlәri ifadә edәn, predmetin müәyyәnlәşdirici vә müfәssәl şәrhini әvvәlcәdәn iddia etmәyәn kiçikhәcmli vә sәrbәst kompozisiyalı nәsr әsәri. E. fәlsәfi, tarixi-bioqrafik, publisistik, әdәbi-tәnqidi, elmi-kütlәvi, yaxud sırf belletristik sәciyyә daşıyır. Onun üslubu obrazlılığı, aforizm mahiyyәtli olması, danışıq intonasiyası vә leksikası üzәrindә qurulması ilә seçilir. Tarixәn müәllif şәxsiyyәtinin ön plana çәkildiyi әsәrlәrdә formalaşmışdır (Lukianın antik deklamasiyaları). E.-nin ilk nümunәlәrini yaradan M.Montendәn sonra әdәbiyyatda müstәqil janra çevrilmişdir. C.Donn, H.Fildinq, D.Didro, Volter, Q.E.Lessinq, İ.Q.Herder, H.Heyne, H.D.Toro, T.Karleyl, H.K.Çesterton, H.Adams bu janrın sonrakı inkişafına tәkan vermişlәr. 20 әsrdә әn böyük nasirlәr, şairlәr, filosoflar E.-yә müraciәt etmişlәr (R.Rollan, B.Şou, H.Uells, T.Mann, A.Morua, N.Hikmәt, Anar, Elçin vә b.).