ÉSSEKS (Essex) – B. Britaniyada qraflıq. Şimal dәnizi sahilindәdir. Sah. 3,7 min km2. Əh. 1,7 mln. (2011). İnz. m. Çelmsford şәhәridir. Sahillәri Temza, Çelmer (Blekuoter), Staur çaylarının estuarilәri ilә güclü parçalanmışdır. 6 әsrdә Britaniyanın anql-saks istilası zamanı sakslar, ehtimal ki, indiki E. qraflığının әrazisindәn başqa, Midlesseks vә Londonun әrazisini dә әhatә edәn E. krallığını yaratmışlar. E. әhalisinin xristianlaşdırılması 7 әsrin ortalarında başa çatmışdı. 8 әsrin sonunda E. Mersiyadan asılı vәziyyәtә düşdü, 825 ildә Uesseksin kralı Eqbert tәrәfindәn fәth edildi.