ESTERAZALAR – hidrolazalar sinfindәn fermentlәr; üzvi birlәşmәlәrdә efir rabitәsinin kәsilmәsi reaksiyasını kataliz edir. E.-a sözün geniş mәnasında lipazalar, fosfatazalar, sulfatazalar, әsl E. aiddir. Sonunculara çoxsaylı xüsusi fermentlәr – xolinesteraza, xlorofillaza, tannaza, pektaza vә s. daxildir. E. insanda, heyvanlarda, ali bitkilәrdә vә mikroorqanizmlәrdә aşkar olunmuşdur. İnsanda vә heyvanlarda onlar mәdәaltı vәzinin şirәsindә (pankreatik lipaza), süddә, qara ciyәrdә, bağırsaq divarlarında, qanda vә s. toxumalarda olur.