DİOPTÁZ (yun. δια – bir tәrәfindәn o biri tәrәfi + όπτάζώ – görmәk) – tәbii silikat mineralı – Cu6[Si6O18].6H2O. Triqonal sinqoniyada kristallaşır; qısa sütunvarı kristalları var. Druzlar, qabıqlar, dәnәvәr aqreqatlar әmәlә gәtirir. Zümrüdü-yaşıl rәngdәdir. Şüşә parıltılıdır. Sәrtliyi 5, sıxlığı 3300 kq/m3. Kövrәkdir. Mis yataqlarının oksidlәşmә zonasında әmәlә gәlir; sәpintilәrdә rast gәlinir. Şәffaf kristallarından zәrgәrlikdә istifadә olunur. Qazax.-da (Altın-Tübe), Konqo Demokratik Resp.-nda (Şaba), Konqo Resp.-nda (Minduli), Namibiyada (Sumeb) vә s. yataqları var.
Диоптаз.