ESTRÁDA DOKTRİNASI – 1930 ildә Meksika xarici işlәr naziri X.Estrada tәrәfindәn yeni hökumәtlәrin tanınması ilә bağlı irәli sürülmüş siyasi doktrina. Tobara doktrinasının әksinә olaraq, E.d.-na görә, yeni hökumәt hakimiyyәtә konstitusiyadan kәnar yollarla gәlmişsә belә, xarici dövlәtlәr tәrәfindәn xüsusi tanınma aktına ehtiyacı yoxdur. Estrada tanınma hüququndan sui-istifadәni vә daxili işlәrә müdaxilәni pislәyirdi. E.d. ilk növbәdә ABŞ-ın Meksika vә digәr Latın Amerikası dövlәtlәrinin daxili işlәrinә qarışmasına qarşı yönәlmişdi.