ESTRADİÓL – follikul mayesinin tәrkibindә olan, estrogen qrupundan hormon,
C18H24O2, rәngsiz prizmatik kristal, tәr. 176–178°C, suda pis, üzvi hәlledicilәrdә vә qәlәvi mәhlullarında yaxşı hәll olur. Optik aktivdir ([α]D + 81°). İlk dәfә 1935 ildә amerikalı biokimyaçı E.Doyzi donuzun yumurtalığından ayırmışdır. Digәr estrogenlәrlә müqayisәdә E. olduqca yüksәk fizioloji aktivliyә malikdir. Qadın cinsiyyәt orqanlarını vә ikincili cinsi әlamәtlәrin inkişafını, ovulyasiyanın dövri baş vermәsini, uşaqlığın selikli qişasının böyümәsini vә onun yumurtanı qәbul etmәsinә hazırlığı tәmin edir; heyvanlarda çәrәaxıtmaya sәbәb olur. Kimyәvi tәrkibinә görә steroidlәrә aiddir. Müalicә mәqsәdi üçün sintez yolu ilә alınır. Estrogen maddәlәrdә olan bütün biol. vә müalicәvi xassәlәrә malikdir. Tibb praktikasında E. yumurtalıqların funksiyalarındakı çatışmazlıq (aybaşının olmaması, yaxud pozulması, cinsiyyәt orqanlarının vә süd vәzilәrinin tam inkişaf etmәmәsi, klimaks vә s.) zamanı tәtbiq edilir. E. efirlәri lәng sorulur, orqanizmdә az parçalanır vә ya lәng çıxır, ona görә dә uzunmüddәtli tәsir göstәrir.