ETÁN – doymuş alifatik karbohidrogen, C2H6; rәngsiz, iysiz qaz; tәr.–183,23°C, tqayn. – 88,63°C. Suda az, karbohidrogenlәrdә yaxşı hәll olur. E. kimyәvi xassәlәrinә görә doymuş karbohidrogenlәrin tipik nümayәndәsidir. Müxtәlif әvәzetmә reaksiyalarına radikal mexanizmi üzrә daxil olur. E.-ın termiki dehidrogenlәşmәsindәn 550–650°C-dә etilen, 800°C-dәn yüksәk temp-rda asetilen (hәmçinin benzol vә duda әmәlә gәlir); 300–450°C-dә birbaşa xlorlaşmasından etilxlorid, oksidlәşmәsindәn CH3CHO vә CH3COOH qarışığı, qaz fazada nitrolaşmasından nitroetan vә nitrometan qarışığı (3:1) alınır. E. tәbii vә neftlә birgә çıxan qazların (hәcmcә 10%-ә qәdәr) komponentidir; onlardan aşağı temp-rlu rektifikasiya ilә ayrılır. Neft xammalının krekinqindәn xeyli miqdarda E. alınır. Laboratoriya şәraitindә E.Vürs reaksiyası üzrә CH3I-dan; Kolbe reaksiyası üzrә CH3COONa-un elektrolizindәn; Na-propianatın qәlәvi ilә әridilmәsindәn; Qrinyar reaksiyası üzrә etilbromiddәn; etilenin (Pd üzәrindә) vә ya asetilenin (Ni-Re katalizatorunun iştirakı ilә) hidrogenlәşmәsindәn alınır. E. etilen vә vinilxloridin alınması üçün xammaldır. E.-ın hava ilә qarışığı partlayış tәhlükәlidir. Zәhәrli deyil, zәif narkotik tәsirә malikdir.