ETÁNA – Şumer-Akkad rәvayәtinin qәhrәmanı, Kiş ş.-nin әfsanәvi hökmdarı. Hәm әfsanәvi, hәm dә tarixi mәlumatların yer aldığı “Çar siyahısı”na (tәqr. e.ә. 21 әsr) görә, E. “Nuh tufanından sonra” hakimiyyәtdә olan Kiş sülalәsinin 12-ci hökmdarı, “göyә qalxaraq bütün ölkәlәri yaratmış müqәddәs”, digәr әnәnәyә әsasәn, ilk hökmdardır. İlanla dostluq sazişi bağlayan qartal әhdi pozaraq ilanın balalarından birini yeyir vә “Şamaş andı”na xәyanәtinә görә cәzalandırılır. İlan Şamaşın (Utu) mәslәhәtilә öküzün cәmdәyindә gizlәnәrәk ona yaxınlaşan qartala hücum edir, lәlәklәrini yolaraq çuxura atır ki, acından ölsün. E. isә Şamaşın mәslәhәtilә qartalı xilas edir. Bunun әvәzindә qartal E.-nı göyә qaldıracağına vә ona övlad bәxş etmәk üçün “sehrli ot”u tapacağına söz verir. Mәtnin bu hissәsi natamam olduğu üçün ehtimal edilir ki, uçuş bir dәfә deyil, iki vә ya üç dәfә baş vermiş, “sehrli ot” tapılmışdır. Çünki әnәnәdә E.-nın oğlu Balix (Palix) xatırlanır. Bilqamıs haqqında dastanın Aşşur variantına görә, Enkidu yeraltı sәltәnәtdә E. ilә rastlaşır. Roma yazıçısı Elian (eramızın 3 әsri) qartal üstündә uçuşu Bilqamısa aid edir.