ETİBARLILIQ (texnikad a) – hәr hansı texniki sistemin vә ya mәmulatın iş rejimindә, tәtbiq, texniki xidmәt, saxlanma vә nәqlolunma şәraitindә öz istifadә göstәricilәrini qoruyub saxlamaqla, verilmiş funksiyaları yerinә yetirmәk xassәsi. E. göstәricilәri digәr texniki göstәricilәrlә birlikdә sistemin tam keyfiyyәt göstәricilәrini tәmsil edir. E.-ın qiymәtlәndirilmәsi mürәkkәb mәsәlә olub, ehtimal nәzәriyyәsi vә riyazi statistika üsulları ilә әlaqәdardır.
Sistemin E.-ı layihәlәndirmә prosesindә hesablanır, istehsal zamanı tәmin edilir vә istifadә mәrhәlәsindә verilmiş sәviyyәdә saxlanır. E. texniki obyektin (qurğu, cihaz, maşın, aparat, sistem) sazlığı (imtinasız işlәmәsi), uzunömürlülüyü, tәmirәyararlılığı vә davamlılığı ilә ölçülür, eyni zamanda obyektin öhdәsinә düşәn vә ya ona “tapşırılan” vәzifәnin normal ödәnilmәsini tәmin edir. Sazlıq – texniki obyektin uzun müddәt müәyyәn istifadә şәraitindә qәbul olunmuş rejimdә iş qabiliyyәtini saxlaması, u z u n ö m ü r l ü l ü k – onun dağılmasına vә ya başqa hәddә keçmәsinәdәk olan zaman әrzindә istifadә üçün sazlığını qoruması, tәmirәyararlılıq – obyektdә nasazlığın aradan qaldırılması ilә onun iş qabiliyyәtinin yenidәn bәrpa olunması, davamlılıq – bütün saxlanılma vә nәql edilmә dövründә (hәmçinin ekstremal vәziyyәtlәrdә) obyektin iş qabiliyyәtini saxlaması xassәsidir. Digәr parametr vә xarakteristikalar (kütlә, qabarit ölçülәri, cәldişlәmә, iqtisadi sәmәrәlilik vә s.) ilә birlikdә bu xassәlәr mәmulatın keyfiyyәtinin zaman ötdükcә dәyişilә bilәn kompleks göstәricilәrini tәşkil edir. Texniki obyektlәrin istismarı zamanı onların işinin effektivliyini tәmin edәn üsulların öyrәnilmәsi ilә etibarlılıq nәzәriyyәsi mәşğul olur.
Ümumi halda E. üç tәrkib hissәdәn ibarәtdir: konstruktiv (layihәlәndirmә mәrhәlәsindә keyfiyyәtli konstruksiya materiallarının seçilmәsi vә s. ilә tәmin edilir), texnoloji vә ya istehsal (mәmulat istehsal edilәrkәn texnoloji proseslәrә ciddi riayәt edilmәsini, detalların, qovşaqların vә s. keyfiyyәtinә nәzarәt mәqsәdilә sınaqların keçirilmәsini tәlәb edir) vә istismar (tәyin edilmiş qaydalar vә istismar şәrtlәri mütlәq yerinә yetirilmәli, verilmiş müddәtdә texniki xidmәt vә tәmir aparılmalıdır).
E. göstәricilәri keçirilәn sınaqlar vә mәmulatın istismarı nәticәlәrinin emalı, kompüter modellәşdirilmәsi, hәmçinin mәmulatın -ını şәrtlәndirәn fiziki-kimyәvi proseslәrin analizi әsasında aparılan hesablamalar yolu ilә tәyin edilir. E.-ı tәyin etmәk üçün sınaqlar tәcrübә nümunәsinin hazırlanması vә mәmulatın seriyalı istehsalı mәrhәlәsindә keçirilir. Sınaqlar tәyinedici (E. göstәricilәri tәyin edilir), yoxlama (texnoloji prosesin keyfiyyәti yoxlanılır), sürәtlәndirici (imtinaların yaranma prosesini sürәtlәndirәn amillәrdәn istifadә edilir) sınaqlara vә defektoskopiya vә introskopiya üsullarının tәtbiqinә, hәmçinin imtinaların yaranmasına sәbәb ola bilәcәk sәs, istilik şüalanması vә s.-nin öyrәnilmәsinә әsaslanan sınaqlara ayrılır.
Kompüter modellәşdirilmәsi mürәkkәb sistemlәrin E. analizinin әn sәmәrәli vasitәsidir. Modellәşdirmәnin iki alqoritmi geniş yayılmışdır. Birinci alqoritm tәdqiq olunan obyektdә baş verәn fiziki proseslәrin modellәşdirilmәsinә, ikinci isә hәmin obyektin vәziyyәtini tәsvir edәn tәnliklәr sisteminin hәllinә әsaslanır.
Fiziki-kimyәvi proseslәrin analizi dә tәdqiq olunan mәmulatın E.-ının qiymәtlәndirilmәsinә imkan verir. Çox vaxt bu üsulla E.-ın cәrәyan edәn proseslәrin vәziyyәti vә xarakterindәn asılılığı tәyin edilir. Mәmulatın istismar prosesindә müşahidә olunan E. göstәricilәrinin qiymәti, adәtәn, z-d şәraitindә aparılan sınaqlardakı nәticәlәrdәn yüksәk olur. E. göstәricilәri mәmulatın indiki vә gәlәcәk (bu halda E. göstәricilәrinin qiymәti proqnozlaşdırılmış olur) vәziyyәtinin qiymәtlәndirilmәsi üçün tәtbiq edilir.
Bir çox texniki obyektlәrin (elektronika, avtomatika, energetika, metallurgiya vә s.-dә) E.-ına olan ciddi tәlәblәr imtinaların iqtisadi, texniki vә s. qiymәtinin yüksәk olması, sistemlәrin mürәkkәbliyinin artması, iş şәraitlәrinin çәtinliyi vә intensivliyi ilә bağlıdır. E.-ın tәmin edilmәsi vә yüksәldilmәsi mәqsәdilә istehsal texnologiyası tәkmillәşdirilir; mühafizә sistemi vә texniki istismar qaydaları yaradılır vә yaxşılaşdırılır; mәmulat sınaqdan keçirilir vә vәziyyәti yoxlanılır; texniki xidmәt, tәmir vә s. yerinә yetirilir. E.-ın artırılması mәmulatın qiymәtinin, istismarının bahalaşması ilә әlaqәli olduğundan bu mәsәlә texniki-iqtisadi hesablamalar әsasında hәll edilir.