ETİLBENZÓL – aromatik karbohidrogen, C6H5CH2CH3; rәngsiz, benzol iyli maye; tqayn. 136,19°C. Suda, demәk olar ki, hәll olmur. Əksәr üzvi hәlledicilәrlә qarışır. Aromatik birlәşmәlәrin kimyәvi xassәlәrinә malikdir. E.-un qaz fazada vә işıqda (katalizatorsuz), yaxud onun qaynama temp- runda Cl2 vә ya Br2-ilә qarşılıqlı tәsirindәn (1-halogenetil)- vә (2-halogenetil)-benzollar әmәlә gәlir. Maye fazada aşağı temp-rda katalizatorların (AlCl3, FeBr3, İ2 vә s.) iştirakı ilә halogenlәşmәsindәn o- vә p- halogentörәmәlәri; nitrat turşusu ilә benzol halqasında nitrolaşmasından müvafiq mono-, di- vә trinitrotörәmәlәr; CrO3 vә ya duru HNO3 ilә oksidlәşmәsindәn benzoy turşusu vә asetofenon; maye fazada manqan-asetatın iştirakı ilә oksidlәşmәsindәn α-feniletil spirti alınır. E.-un katalizatorlar (Zn vә ya Cr oksidi әsaslı) üzәrindә 360°C temp-rda dehidrogenlәşmәsindәn stirol alınır.
E. xam neftdә, neft fraksiyalarının katalitik riforminq mәhsullarında, kömürün kokslaşmasından alınan qatranın yüngül fraksiyalarında vardır. Sәnayedә E. әsasәn AlCl3 iştirakı ilә 400–450°C temp-rda benzolun etilenlә alkillәşmәsindәn alınır. E. stirol istehsalında motor yanacaqlarının oktan әdәdinin artırılması üçün tәtbiq edilir, hәlledici kimi işlәnir. E. dәrini qıcıqlandırır, qıcolma tәsiri göstәrir.