ETİLÉN, eten – alkenlәrin әn sadә nümayәndәsi, CH2=CH2; zәif efir iyli, rәngsiz qaz; tqayn. – 103,71°C. Dietilefirindә vә karbohidrogenlәrdә yaxşı hәll olur. Tәbiәtdә E.-ә, demәk olar ki, rast gәlinmir. Bitki vә heyvan toxumalarında maddәlәr mübadilәsinin aralıq mәhsulu kimi az miqdarda әmәlә gәlir. E. fitohormonların xassәsinә malikdir: böyümәni lәngidir, hüceyrәlәrin qocalmasını, meyvәlәrin yetişmәsini sürәtlәndirir. Kimyәvi xassәlәrinә görә alkenlәrin tipik nümayәndәsi olub, yüksәk reaksiyayagirmә qabiliyyәtinә (xüsusilә elektrofil birlәşmә reaksiyalarında) malikdir. E. xlorla dixloretan әmәlә gәtirir. E.-in hidratlaşmasından etil spirti; hidrohalogenlәşmәsindәn etilxlorid; SCl2 vә ya S2Cl2 ilә qarşılıqlı tәsirindәn iprit S(CH2CH2Cl)2; oksigen vә ya hava ilә oksidlәşmәsindәn (200–300°C temp-rda Ag2O iştirakı ilә) etilenoksid alınır.
Sәnayedә E.-i neftin maye distillatlarının vә ya aşağı parafin karbohidrogenlәrin pirolizindәn alırlar. Metandan E.-in alınma üsulu işlәnilmişdir. Ən tәmiz E. laboratoriya şәraitindә 400–450°C temp-rda, Al2O3 katalizatoru üzәrindә etanolun dehidratlaşmasından alınır. E. alkillәşdirici agentdir vә benzolun alkillәşdirilmәsindә geniş istifadә olunur. E. etil spirtinin, etilenxlorhidrinin, etilenoksidin, polietilenin, etilen-propilen kauçukların vә s. alınmasında geniş tәtbiq olunur.