ETİLENXLORHİDRÍN, 2-xloretanol, β-xloretil spirti, etilen qlikolun xlorhidrini – üzvi birlәşmә, HOCH2CH2Cl; xoş efir iyli, rәngsiz maye; tqayn. 128,7°C. Su, spirt vә efirlәrlә bütün nisbәtlәrdә qarışır, su ilә azeotrop qarışıq әmәlә gәtirir. E. hәm spirtlәr, hәm dә karbohidrogenlәrin halogentörәmәlәri üçün sәciyyәvi olan reaksiyalara girir. E. qәlәvi agentlәrin iştirakında su ilә qızdırıldıqda etilenqlikola qәdәr asan hidroliz olunur. E.-in HNO3 vә ya CrO3 ilә oksidlәşmәsindәn ClCH2COOH; Ca, Na, Ba hidroksidlәri ilә qarşılıqlı tәsirindәn etilenoksid; karbon turşuları ilә efirlәşmә reaksiyasından RCOOCH2CH2Cl alınır. Alkoqolyatlarla monoefir etilenqlikollar, sulu NH3 ilә mono-, divә trietanolaminlәrin qarışığını; birli vә ikili aminlәrlә etanolaminlәrin törәmәlәrini; yüksәk temp-rda qәlәvi metalların duzları ilә xloral әmәlә gәtirir.
E.-i sәnayedә etilendәn alınır. E.-in sulu mәhlulu antifrizdir; susuz E. sәnayenin lak-boya vә digәr sahәlәrindә tәtbiq edilәn sellüloz efirlәrinin hәlledicisidir. Etilenqlikolun vә onun törәmәlәrinin, etanolaminlәrin alınması üçün istifadә edilә bilәr.
E. sinir sisteminә vә maddәlәr mübadilәsinә güclü tәsir edir, selikli qişanı qıcıqlandırır. Partlayış vә yanğın tәhlükәlidir.