ETİLXLORİD, xloretan – üzvi birlәşmә, C2H5Cl; rәngsiz qaz, tqayn. 12,27°C, sıxlığı 897,8 kq/m3. E. üzvi hәlledicilәrdә yaxşı, suda az hәll olur. Su ilә azeotrop qarışıq әmәlә gәtirir. E.-in katalizatorların (Al2O3, silikagel vә s.) iştirakı ilә xlorla reaksiyasından 1,1vә 1,2-dixloretanların qarışığı; bromla qarşılıqlı tәsirindәn xlorbrometan; oksidlәşmәsindәn CO2, HCl vә H2O alınır. E. etilenin hidroxlorlaşmasından alınır. Hәmçinin etil spirtinin HCl ilә qarşılıqlı tәsirindәn vә ya etanın qaz fazada xlorlaşmasından alınır. E. Pb(C2H5)4, etilsellüloz, silisium-üzvi birlәşmәlәr istehsalında tәtbiq edilir. E. piy, yağ, tәbii qatran, mum vә s.-nin hәlledicisidir; xarici narkoz üçün işlәdilir. E. yanardır, partlayış vә yanğın tәhlükәlidir.