ETİMAD, Natiq Mir Mehdi Mәhәmmәd oğlu (1900, Tәbriz – 1981, Tehran) – Azәrb. şairi, maarif xadimi. İlk tәhsilini Tәbrizdә köhnә tipli mәdrәsәdә almış, “Talibiyyә” mәdrәsәsindә ali tәhsilini başa vurmuşdur. 1917 ildә Tәbrizdә “Etimad” mәktәbini açmış, 10 il mәktәbә rәhbәrlik etmişdir. Azәrb. Milli Hökumәti dövründә (1945–46) Tәbrizdә yaradılmış “Şairlәr mәclisi”nin rәhbәri olmuşdur. “Vәtәn yolunda”, “Azәrbaycan”, “Şәfәq”, “Yeni Şәrq”, “Azad millәt”, “Günәş” vә s. qәzetlәrlә әmәkdaşlıq etmişdir. Musiqiyә maraq göstәrmiş, “Mürği-sәhәr” mahnısının Azәrb. dilindә yeni versiyasını yaratmışdır. Azәrb. Milli Hökumәti dağıdıldıqdan sonra iki il hәbsdә olmuşdur. Hәbsdәn çıxdıqdan sonra Notariat kontorunda işlәmәyә başlamış, әdәbi fәaliyyәtini davam etdirmişdir. “Çәrşәnbә bazarı”, “Mizan-ül-inşa”, “Hidayәt-ül-kәlam”, “Zәxirәt-ül-mәad”, “Münazireyi-әdәbi”, “Bәrgi-sәbz”, “Nisab-i etimad”, “Əlifbayi-cәdid” adlı çap olunmuş әsәrlәrin müәllifidir. “Gәlinlәr bәzәyi”, “Gül qönçәsi”, “Ayineyi-әxlaq” şeir kitabları var. Azәrb. Milli Hökumәti himninin (mәtn) müәllifidir.