ETİOLÓGİYA (yun. αἰτία – sәbәb + ... logiya) – xәstәliyin sәbәbi; tibdә patologiyanın sәbәbiyyәt problemini öyrәnәn bölmә. Bir sıra xәstәliklәrdә spesifik etioloji sәbәblәr müәyyәn edilmişdir. Bu, infeksion vә parazitar xәstәliklәrin әksәriyyәtinә aiddir. Mәs., sәhih mәlumdur ki, mikobakteriya vәrәmin, “canlı plazmodilәr” üçgünlük malyariyanın törәdicisidir, yәni bu törәdicilәr insan orqanizmindә vәrәm vә malyariyadan başqa heç bir digәr xәstәlik törәtmir, bu xәstәliklәr öz növbәsindә digәr törәdicilәrlә baş vermir. Belә hallarda spesifik E. haqqında söhbәt gedir vә birmәnalı olaraq etioloji amillә xәstәlik arasında sәbәb-nәticә asılılığı aydın nәzәrә çarpır.
Digәr xarakterli E. nümunәsi istәr uzunsürәn septik endokardit, istәrsә dә digәr xәstәliklәr (mәs., çiban vә ya ağ ciyәrlәrin iltihabı) törәdәn ağ stafilokokk ola bilәr. Lakin uzun sürәn septik endokarditi müxtәlif mikroblar da (mәs., yaşıl streptokoklarla) törәdә bilәr. Belә etioloji әlaqә qeyri-spesifik adlanır. Adәtәn etioloji amilin iştirakı vacib, lakin xәstәliyin baş vermәsi üçün yetәrli şәrt deyil, çünki o, ancaq xәstәlik törәdicinin tәsirinә qarşı orqanizmin müәyyәn hәssaslığı olduğu halda inkişaf edir: tәbiәtdә xәstәliyin tam labüdlüyü demәk olar ki, rast gәlinmir. Xәstәlik törәdicilәrinin xәstәlik törәtmә qabiliyyәti (patogenliyi) geniş hüdudlarda dәyişir. O, taunda, vәbada, tәbii çiçәkdә, qızılcada çox yüksәkdir, әksinә, streptokoklu mühitdә olanların ancaq az hissәsi angina ilә xәstәlәnir. Vәrәm mikobakteriyaları (xәstәliyin şübhәsiz sәbәbi) insanların böyük әksәriyyәtinin orqanizminә düşür, lakin yalnız ayrı-ayrı şәxslәr vәrәmlә xәstәlәnirlәr: onun baş vermәsi, lokallaşması, xәstәliyin ağırlıq dәrәcәsi hәmin insanın orqanizminin reaktivliyindәn xeyli dәrәcәdә asılıdır. Belәliklә, infeksion xәstәlik mikrobla insan orqanizminin qarşılıqlı tәsirinin nәticәsidir.
Tibbә dürüst mәlum olan xәstәlik sәbәblәrinә tәkcә viruslar, bakteriyalar vә digәr canlı törәdicilәr deyil, hәm dә travmaya sәbәb olan fiziki (o cümlәdәn şüa), kimyәvi agentlәr dә aiddir. Hüceyrә, molekulyar struktur sәviyyәsindә orqanizmin özündә qәrarlaşmış irsi amillәrin etioloji rolu xeyli dәrәcәdә mürәkkәbdir. Genetik informasiyanın – irsi xәstәliklәr әsasında dәyişmәsi asanlıqla hәm E.-ya, hәm dә xәstәliyin inkişaf mexanizminә (yәni patogenezinә) aid edilә bilәr, çünki әslindә etioloji rol mutasiya törәdәn (mәs., xәstәnin valideynlәrindә) amilә (çox vaxt hәlә açılmamış) mәxsus olur. İrsi meyilliyi olan şәxslәrin xәstәlik problemi başqa cür izah olunur, çünki burada hәmin amil xәstәliyin baş vermәsi üçün yalnız şәrait yaradır vә ona görә dә sәbәb-nәticә asılılıq zәncirindә etioloji amilә deyil, patogenetik amilә aid edilir. Hәmin şәxsdә konkret xәstәlik çәrçivәsindә E. hәmişә bir sıra şәrtlәrlә әlaqәdardır, onlardan bәzilәri xәstәliyә әkstәsir göstәrir, digәrlәri xәstәliyin baş vermәsinә sәbәb olur. Ona görә E.-ya patogenezdәn ayrı baxılması konkret müalicә-diaqnostik vәziyyәtdә deyil, onun ancaq elmi tәhlili prosesindә mümkün ola bilәr. Çox vaxt bir sıra amillәr arasında xәstәliyin әsas sәbәbini seçmәk çәtin olur; insanın bir çox xәstәliklәrinin patogenezinin lazımi dәrәcәdә tam öyrәnilmәsinә baxmayaraq, onlardan bәzilәrinin E.-sı müәyyәn edilmәmişdir vә onlar müstәqil nozoloji formada (bax Nozologiya) ayrılır. Lakin bu, mәs., xroniki xәstәliklәrdә E.-sı açılmamış (şişlәr, ateroskleroz vә s.) xәstәliyin başlıca sәbәbi kimi özünün mövcudluğunu inkara vә yaxud onun çoxsәbәbli (polietioloji) olmasını iddia etmәyә әsas vermir. “E.” termini ilә xәstәliyin inkişaf mexanizmi, onun tәzahür etmәsi, ağırlaşması vә nәticәsi deyil, onu әmәlә gәtirәn mәhz әsas sәbәbin göstәrilmәsi qәbul edildiyindәn, mәs., ağ ciyәrin bәzi xәstәliklәrinin allergik E.-sı haqqında yox, allergik tәbiәti haqqında danışmaq olar.
Xәstәliyin E.-sının aşkara çıxarılmasının mühüm praktik әhәmiyyәti vardır, çünki bu, nәinki patogenetik vә simptomatik müalicә aparmağa, hәm dә xәstәliyin sәbәb amilinә müalicә dәrmanları ilә mәqsәdyönlü tәsir göstәrmәyә (etiotrop müalicәyә), mәs., infeksion xәstәliklәrә qarşı antibiotiklәrlә müalicәyә imkan verir. Xәstәliyin müәyyәn edilmiş E.-sı hәmçinin sәmәrәli profilaktikanın әsasıdır (mәs., infeksion xәstәliklәrdә qabaqlayıcı peyvәndin kömәyi). “E” termini baytarlıqda da eyni mәnada işlәdilir.