ETİSAMİ Pәrvin (17.3.1907, Tәbriz – 23.3.1941, Qum) – Azәrb. әsilli İran şairәsi. Etisamülmülk tәxәllüsü ilә çıxış edәn atası Yusif Etisami yazıçı vә tәrcümәçi olmuşdur. E. kiçik yaşlarından Tehrana köçmüşdür. İlk tәhsilini atasından almış, әrәb vә fars dillәrini öyrәnmişdir. 1924 ildә Tehranın “Amerika qızlar mәktәbi”ni bitirmiş, bir müddәt orada dәrs demişdir. 1935 ildә ilk şeir mәcmuәsi nәşr olunmuşdur. 1936 ildә Maarif Nazirliyi tәrәfindәn Üçüncü Elmi Dәrәcә nişanı ilә tәltif edilmiş, hәmin nazirliyә işә qәbul olunmuşdur. Lakin hakim dairәlәrin istibdadına cavab olaraq Rza Şahın arvadına dәrs demәk tәklifini qәbul etmәmiş, elmi dәrәcә nişanından imtina etmişdir.
E. fars dilindә yazmışdır. Divanı qәsidәlәr, qәzәllәr, qitәlәr, mәsnәvilәr, üçbeytlәr vә tәkbeytlәrdәn ibarәt olub, ümumilikdә 5606 beyti әhatә edir. Ölümündәn bir neçә il әvvәl әsәrlәrinin bir hissәsini bәyәnmәdiyi üçün yandırmışdır. Yaradıcılığında didaktika vә lirizm üstünlük tәşkil edir. Dili sadә vә axıcıdır. Şeirlәrindә öz şәxsiyyәti demәk olar ki, әks olunmamışdır. Əsasәn, sosial vә siyasi problemlәrdәn uzaq olsa da, bәzi şeirlәrinә hәmin motivlәri daxil etmişdir. “Bizim şimşәyimiz varlıların zülmüdür”, “Ey rәncbәr”, “Qarabәxtli”, “Qoca qadının şikayәti” şeirlәrindә yoxsulların hәyatını tәsvir etmiş, istibdadı tәnqid atәşinә tutmuş, xalqı inqilaba sәslәmiş, dövlәtin әdalәtsiz siyasәtinә qarşı çıxmışdır. Əsәrlәrindә bәşәri idealların tәsviri üstündür. E. üslub cәhәtdәn hәm özündәn әvvәlki şairlәrdәn, hәm dә müasirlәrindәn fәrqlәnsә dә, yaradıcılığında klassik әdәbiyyatın tәsiri güclüdür.