ETNOCOĞRAFİYA – ictimai-iqtisadi, siyasi, tәbii vә s. faktorlarla әlaqәdar etnik birliklәrin coğrafi yerlәşmә, mәskunlaşma vә qarşılıqlı әlaqәlәrinin xüsusiyyәtlәrini tәdqiq edәn yardımçı tarix fәnni. Tәdqiqat zamanı mәskunlaşmanın xarakteri (mәs., oturaq, yaxud köçәri hәyat tәrzi), әrazinin istifadә sәviyyәsi, әhalinin sıxlığı vә s. nәzәrә alınır.
E.-nın mühüm vәzifәlәrindәn biri dünya ölkәlәrinin milli tәrkibinin, ayrı-ayrı xalqların vә onların etnoqrafik qruplarının (hәmçinin irqi, dil, dini vә s.) mәskunlaşdıqları ölkәlәrdә vә onlardan kәnarda say dinamikasının müәyyәnlәşdirilmәsidir. E.-ya etnik kartoqrafiya vә etnik demoqrafiya aiddir. E. hәmçinin irqlәrin yayılmasını araşdıran antropologiyanın bölmәlәri vә dünya xalqları dillәrinin areallarını öyrәnәn linqvocoğrafiya ilә sıx bağlıdır.