ETNOLİNQVİSTİKA – linqvistik vә etnik amillәrin qarşılıqlı әlaqәsini öyrәnәn dilçilik cәrәyanı. Bu tәlim hәr bir dili o dildә danışan xalqın tarixi inkişafının vә mәdәniyyәtinin tәzahürü hesab edir. Müasir E.-nın iki qolu vardır: a) öz mәnbәyini V.Humboldtun ideyalarından götürәn alman E.-sı (H.Kassirer, İ.Trir, L.Vaysgerber); b) B.Uorf vә E.Sepirin tәdqiqatlarına әsaslanan vә Amerika hindi qәbilәlәrinin hәyat tәrzini, mәdәniyyәtini vә dillәrini öyrәnәn Amerika E.-sı. E.-ya görә dil xalqın mәnәvi vә mәdәni hәyatının mühüm tәrkib hissәsi olub, insanların dünyagörüşünә vә davranışına әhәmiyyәtli dәrәcәdә tәsir göstәrir.
E. dilin tәkcә struktur cәhәtdәn öyrәnilmәsini yetәrli hesab V.Humboldt vә Sepir–Uorf tәlimindәn tәsirlәnәn, bir növ dilin fәlsәfәsinә әsaslanan E.-nın dolaşıq vә sәhv cәhәtlәri dә çoxdur. Mәs., bu fәlsәfә dili ünsiyyәt vasitәsi olaraq dәyәrlәndirmәkdәn daha çox, insanla xarici alәm arasındakı “orta bir dünya”, aralıq hadisә hesab edir. Hәmin fәlsәfi cәrәyanın nümayәndәlәrinin fikrincә, dil “ictimai varlığı qavramaq üçün bir rәhbәrlikdir” vә insanların dünyagörüşü, davranışı ondan (dildәn) asılıdır. B.Uorfun fikrincә, hәr dilin “öz metafizikası” vardır ki, o da insanların baxışlarını vә davranışlarını istiqamәtlәndirir, qabaqcadan müәyyәnlәşdirir. E. dil vә psixologiya, dil vә mәdәniyyәt, dil vә tarix problemlәrinin tәdqiqi ilә dә mәşğul olur.