ETNOPEDAQOGİKA (yun. ethnos – xalq; παιδαγωγική – uşaqların tәrbiyәsi haqqında elm) – pedaqogika elminin sahәsi. E. elminin predmeti müxtәlif etnosların tarixәn tәşәkkül tapmış әnәnәvi tәrbiyә vә tәhsil praktikasına әsaslanan xalq pedaqogikasıdır. G.N.Volkov tәrәfindәn tәtbiq edilmiş vә geniş yayılmışdır. E.-nın әsas mәqsәdi müxtәlif etnosların әnәnәvi mәdәniyyәtlәrindә xalq pedaqogikasının etnik xüsusiyyәtlәrinin müәyyәn olunması; sosial, iqtisadi vә digәr faktorların tәsiri altında xalqların әnәnәvi pedaqoji mәdәniyyәtinin yaranması vә inkişafı qanunauyğunluqlarının öyrәnilmәsi; müxtәlif xalqlarda mövcud olan tәhsil vә tәrbiyә xüsusiyyәtlәrinin müqayisәli öyrәnilmәsi; bu vә ya digәr etnik icmaların milli psixologiyasının tәhsil vә tәrbiyәyә tәsirinin analizi, pedaqoji vә tәlimlәndirici fәaliyyәtin tәşkili vә hәyata keçirilmә prosesinә tәsirinin nәzәrә alınması; tәrbiyә praktikasında pedaqoji inkişafın vә keçmiş nәsillәrin tәcrübәsinin әks olunması üsulları vә onların funksiyasının davam etdirilmәsi; müasir tәhsil sistemindә mütәrәqqi xalq pedaqoji irsindәn istifadә yollarının axtarılması vә s.-dir. E.-nın tәdqiqi tarixi 3 dövrә bölünür – 19 әsrin 2-ci yarısından 20 әsrin әvvәllәrinәdәk, 20 әsrin әvvәllәrindәn 60-cı illәrә qәdәr vә hәmin vaxtdan bu günә olan dövr. Etnopedaqogikanın tәcrübәsindәn ekologiyanın etnoekologiya bölmәsindә istifadә olunur.