Ukraynanın Jitomir, Vinnitsa, Kiyev, Çerkassı, Kirovoqrad, Zaporojye vә Dnepropetrovsk vil.-lәri hüdudlarında yerlәşir. Sah. 150 min km2-dir. Qonur kömürün kәşf olunmuş ehtiyatı 1987 mln. t-dur; bunun yalnız 930 mln. t-unun açıq üsulla istismarı mümkündür. 16 әsrdәn mәlumdur. Kömür hasilatı 1798 ildәn müәyyәn fasilәlәrlә aparılmışdır; hövzәnin planlı surәtdә mәnimsәnilmәsinә (açıq vә yeraltı üsullarla) 1946 ildәn başlanılmışdır. Paleogen yaşlı çöküntülәrdә 150-dәn yuxarı qonur kömür yatağı aşkar edilmişdir. Yataqlar Ukrayna qalxanının erozion-tektonik çökәkliklәri ilә әlaqәdardır. 5–160 m dәrinlikdә yatan azmeyilli kömürlü çöküntülәrin ümumi qalınlığı 100 m-әdәkdir. Orta qalınlıqları 1 vә 15 m olan iki kömür layı sәnaye әhәmiyyәtlidir. Kömürlәrin küllülüyü 14–28%, kükürdlülüyü 3–4%, nәmliyi 43–62%-dir. Yanarkәn 7–8 MC/kq istilik verir. Kömürlü çöküntülәrin sulaşması istismar şәraitini çәtinlәşdirir. İllik hasilat (2006) tәqr. 6 mln. t-dur (o cümlәdәn 4 mln. t açıq üsulla).