ÉTOS – 1) fәlsәfәdә qeyri-sabit terminoloji statusa malik çoxmәnalı anlayış. Əvvәllәr “E.” termini birgә yaşayış yerinә (ev, insan mәskәni, heyvan yuvası vә s.) şamil olunmuş, sonralar hәr hansı hadisә, adәt, xasiyyәt vә xarakterin stabil әlamәtini ifadә etmişdir. Heraklit göstәrirdi ki, insanın E.-u onun allahıdır. İnsan xarakterinin dәyişmәz olması vә bu xarakterin adәt-әnәnәlәrlә formalaşması ideyasından çıxış edәn antik filosoflar hesab edirdilәr ki, E.-a әsaslanaraq xarakterin müxtәlif tәsvirlәrini yaratmaq mümkündür. Antik fizioqnomika mәhz bu tәsәvvürlәrә әsaslanırdı. Aristotel E.-u insan xarakterinin tәsviri metodu kimi izah edirdi. Qәdim yunanlar zamanca daha sabit olan mәnәvi xarakter anlamında E.-a qarşı irrasional vә affektiv davranışları müәyyәnlәşdirәn “patos” (“pafos” sözündәn) terminindәn istifadә edirdilәr. Klassik ritorikada E. (davranışların normalarla tәsdiqi üsulunu şәrtlәndirir) loqos (davranışların ağıla müraciәtlә tәsdiqi üsulunu şәrtlәndirir) vә pafosla (davranışların hisslәrlә tәsdiqi üsulunu şәrtlәndirir) yanaşı, üç әsas kateqoriyadan biri idi. Daha sonralar “E.” termini ilә әxlaqi tәsәvvürlәrin sabit sistemi nәzәrdә tutulmağa başladı (mәs., İntibah dövrünün әxlaqi tәsәvvürlәri, yәni hәmin dövrün hәyat qaydaları “protestant E.-u” adlanırdı). M.Veberә görә, “tәsәrrüfat E.-u” tәkcә gündәlik davranış qaydalarının mәcmusu deyil, hәm dә әxlaqın genişlәndirilmiş şәrhinә imkan verәn anlayışdır. M.Şeler “E.” termini ilә hәyati tәlәbatın vә yeni nәsillәrin tәmayüllәrinin strukturunu ifadә edirdi. R.Merton E. anlayışını elm sosiologiyası çәrçivәsindә nәzәrdәn keçirirdi (bax Elm etosu). 20 әsr fәlsәfәsindә E. әxlaqi imperativlәrin mәcmusu (E.Levinas), hәr hansı ictimai qrupun hәyat tәrzi vә onun mәdәniyyәtinin oriyentasiyası (M.Ossovskaya) kimi şәrh olunur. Müasir ümumi ritorikada E. – informasiyanı alan şәxsdә hәmin informasiyanın tәsiri nәticәsindә yaranan affektiv vәziyyәtdir. Ümumi ritorikada üç növ E. var: nüvә E.-u (metabolanın strukturu ilә bağlı E.), müstәqil (metabolanın strukturu vә substansiya ilә bağlı) vә kontekstual E. (metabolanın strukturu, substansiya vә kontekst ilә bağlı). Etika (e.ә. 4 әsr) vә etologiya (19 әsr) sözlәri “E.” sözündәndir. 2) Musiqidә E. antik dünyagörüşün әsas tәrkib hissәlәrindәn biridir. Qәdim yunan miflәrindә bәzi musiqi alәtlәrinin (xüsusilә fleytanın) insana mәnәvi vә psixi zәrәrlәrindәn alleqorik şәkildә bәhs olunur. Pifaqor musiqini mәnәn tәmizlәnmә vasitәsi hesab edirdi. Platon “Dövlәt” kitabında bütün mürәkkәb musiqi alәtlәrinin şәhәrdәn çıxarılmasını tәklif edir, yalnız lira, kifara vә sirinqi lazımlı sayırdı. Aristotel “Siyasәt” әsәrindә musiqinin tәrbiyәvi mәqsәdlә istifadәsinә diqqәt çәkirdi. Yunan vә Roma filosofları vә musiqi nәzәriyyәçilәri harmoniyanın başlıca kateqoriyalarına (melos, oktava vә ladlara), ritmlәr vә tembrlәrә etik xarakteristika verirdilәr. İntibah dövründәn başlayaraq vә Yeni dövrdә yalnız üçsәslinin iki әsas növü – böyük (major) vә kiçik (minor) üçsәslilәrә etik xarakteristika verilirdi.