ETRÓLLAR, efirsellülozların plastik kütlәlәri – sellülozun efirlәri (asetat, asetobutirat vә asetopropionat sellülozlar, etilsellüloz, nitrosellüloz) әsasında dәnәvәr plastik kütlәlәr. Tәrkibindә hәmçinin kiçikmolekullu (kütlәyә görә 10– 60%) vә ya polimer (10%) plastifikatorlar, antioksidantlar (0,25%), işıq stabilizatorları (0,5%-әdәk) vә boyaq maddәlәri vardır. Nitrosellüloz әsaslı E.-ın tәrkibinә hәmçinin mineral doldurucular (50%-әdәk) daxildir. E. Ti oksidlәri, oxra, nitrozoboyaq maddәlәrilә boyanır. E.-ın istehsalı aşağıdakı mәrhәlәlәrdәn ibarәtdir: xammalın hazırlanması; komponentlәrin qarışdırılması (40–80°C, 20 – 40 dәq.) vә 150– 220°C temp-rda ekstruziya üsulu ilә dәnәvәr mәhsulların alınması. E. yanmaya kömәk etmәyәn (nitrosellüloz әsaslı E.dan başqa) termoplastik materiallardır; sıxlığı 1200–1400 kq/m3-dir. Fiziki-mexaniki vә elektroizolyasiya xassәlәri qәnaәtbәxşdir. Kamfora vә ya gәnәgәrçәk yağı ilә plastifikasiyalaşdırılmış nitrosellüloz әsasında olan E. sellüloid adlanır. E. tәbii qazın nәqli üçün boruların, avtomobil, tәyyarә, gәmi, telefon aparatları, radio vә televiziya qәbuledicilәri, tibb alәtlәri üçün hissәlәrin, oyuncaq, qalantereya, dәftәrxana malları vә s. istehsalında tәtbiq edilir.