ETRÚSK DİLİ – etruskların dili. İtaliyanın qәdim dillәrindәn biridir. Eramızın әvvәlindә latın dili E.d.-ni tamamilә sıxışdırıb aradan çıxarmışdır. E.d.-nin abidәlәri başdaşı yazılarından ibarәtdir (tәqr. 10 min). Ən mükәmmәl abidә Zaqrebdә mühafizә edilәn mumiya örtüyü üzәrindәki yazıdır. Erkәn dövr tәdqiqatçıları ayrı-ayrı sözlәrin zahiri oxşarlığına әsaslanaraq, E.d.-ni dünyanın müxtәlif dillәrinә (hind-Avropa, dravid, sami, Çin vә s.) aid etmişlәr. Müasir dövrdә E.d.-nin mәnşәyi haqqında müxtәlif mülahizәlәr vardır. Bәzi tәdqiqatçılar E.d.nin Lemnos stelalarının dili (e.ә. 6–5 әsrlәr), ret dili (Şimali İtaliyadakı abidәlәr, e.ә. 5–2 әsrlәr), etokipr dili, kamun dili vә s. ilә qohumluğunu iddia etmişlәr. Türkiyә alimi A.Ayda vә Azәrb. alimi Ç.Qaraşarlı E.d.nin mәnşәcә türk dillәri ilә bağlı olduğu fikrini irәli sürmüşlәr.
Əd.: Харсекин А.И. Этруский, Воронеж. 1969; Dilçilik ensiklopediyası. 2 cilddә, c.2. B., 2008; Qaraşarlı Ç. Aralıq dәnizi hövzәsinin erkәn sakinlәri – türklәr. B., 2009.