ETRUSKLAR (lat. Etrusci vә ya Tusci; özlәrini rasna, rasnea adlandırırdılar) – e.ә. 1-ci minillikdә Apennin y-a-nın şm.q.-indә [bu әrazi qәdimdә Etruriya (indiki Toskana) adlanırdı] yaşamış tayfa. E. romalılardan әvvәl inkişaf etmiş mәdәniyyәt yaratmışdılar; e.ә. 7 әsrdә E.-ın yazısı, mәdәniyyәtin çiçәklәndiyi dövrdә isә dini vә dünyәvi әdәbiyyatları olmuşdur. Tәqr. 10 min etrusk yazılı abidәsi mәlumdur. E. haqqında әsas mәnbәlәr yunan vә Roma müәlliflәrindәn: Herodot, Siciliyalı Diodor, Halikarnaslı Dionisi, Strabon, Tit Livi, Böyük Plini vә b.-nın mәlumatları vә bunları tamamlayan etrusk sәrdaba vә yaşayış mәskәnlәrindәn tapılmış zәngin arxeoloji materiallardır. E.-ın mәnşәyi hәlәlik aydınlaşdırılmamışdır. Antik әnәnәyә görә onlar Şәrqdәn gәlmә hesab olunur. Mәnbәlәrdә e.ә. 13–12 әsrlәrdә Misirә hücum edәn dәniz xalqları arasında E.-la eynilәşdirilәn turşaların qeyd olunması Şәrqlә әlaqәlәri tәsdiqlәyir. Bәzi elmi mülahizәlәrә görә, Şәrqdәn gәlmәlәr E.-ın formalaşmasında iştirak etmiş etnik qrupların yalnız bir komponenti idilәr. Maddi mәdәniyyәtlәri Villanova mәdәniyyәti әsasında inkişaf edirdi. E.-ın etnik formalaşması ehtimal ki, e.ә. 8 әsrdә başa çatmışdır. E.-ın tәsәrrüfatının әsasını torpaqların bataqlıqlaşması nәticәsindә geniş meliorasiya işlәri tәlәb edәn әkinçilik (Etruriya buğdası, üzüm, kәtan) tәşkil edirdi. Maldarlıq da mühüm rol oynayırdı. Etruriyada mis vә dәmir hasil olunurdu vә onların emalında E. böyük uğurlara nail olmuşdular. Cәnubi İtaliyadakı yunan koloniyaları (xüsusilә, Sibaris), Afina, Korinf, Karfagen vә s. ilә, qurudan Alparxası ölkәlәrlә ticarәt aparılırdı. E.ә. 5 әsrdәn etrusk şәhәrlәrindә pul kәsilirdi.
Hәlә e.ә. 7 әsrdә E.-ın şәhәr-qalaları var idi. Tezliklә onlar yunan polislәrinә bәnzәr iqtisadi vә siyasi mәrkәzlәrә çevrildilәr. Əvvәllәr onlara hәrbi, inzibati vә dini hakimiyyәti әlindә cәmlәşdirmiş çar, e.ә. 6 әsrin sonu – 5 әsrin әvvәllәrindәn isә hәrbçi-kahin әyanların nüfuzunun artması ilә әlaqәdar aristokratiya arasından seçilmiş vәzifәli şәxslәr başçılıq edirdi. İcmanın yoxsullaşmış üzvlәri yerli әhalinin qalıqları vә azadolunmuşlarla birlikdә cәmiyyәtin asılı tәbәqәsini әmәlә gәtirirdi. Çox sayda qulların olmasına, müharibәlәr, dәniz quldurluğu vә qul ticarәti hesabına onların sayının daima artmasına baxmayaraq, k.t. vә sәnәtkarlıqda asılı tәbәqәnin әmәyi üstün idi.
Ehtimal ki, artıq 7 әsrin sonunda ayrıayrı şәhәrlәrin hakimlәri arasından hәr il seçilәn ali magistr vә kahin tәrәfindәn idarә olunan on iki şәhәr-dövlәtin (Veyi, Tarkviniya, Sere, Volsiniya, Vetuloniya, Kluzi, Peruziya, Velç, Rusella, Arretium, Volaterra, Kortona) konfederasiyası meydana gәldi. Tәqr. e.ә. 6 әsrin ortalarında Kampaniyanın mәhsuldar torpaqlarını, sonra isә Po çayı vadisindә geniş әrazilәri әlә keçirәn E. burada koloniyalarını yaratdılar. Rәvayәtә görә, E.-ın Tarkvinilәr sülalәsi e.ә. 616–509 illәrdә Romada hakimiyyәtdә olmuşdur. E.ә. 535 ildә Karfagenlә ittifaqda olan E. yunanları mәğlubiyyәtә uğradaraq onları Korsikadan sıxışdırıb çıxardılar vә bununla da Tirren dәnizindә şәriksiz ağalığı tәmin etdilәr. E.-ın nüfuzu demәk olar ki, bütün İtaliyaya yayıldı. Lakin mәnfәәtpәrәst siyasәt vә ayrı-ayrı şәhәrlәrin rәqabәti nәticәsindә konfederasiya siyasi cәhәtdәn davamsız oldu. Sosial ziddiyyәtlәr vә asılı vil.-lәrin әhalisinin müqavimәti, hәmçinin xarici düşmәnlәrin tәzyiqi nәticәsindә vәziyyәt ağırlaşdı. E.ә. 524 ildә vә e.ә. 474 ildә yunanlar Kuma yaxınlığında E.-ı mәğlubiyyәtә uğradaraq, onların dәniz ağalığına son qoydular; tәqr. 509 ildә romalılar Tarkvinilәri şәhәrdәn qovdular. Samnitlәr e.ә. 423 ildә Kapuyanı әlә keçirәrәk E.-ı Kampaniyadan sıxışdırıb çıxardılar. Tәqr. 400 ildә isә E.-ın Padan ovalığındakı torpaqları qalların hücumuna mәruz qaldı. E. arasında siyasi vә hәrbi birliyin olmaması Roma ilә müharibәlәrdә dә özünü göstәrdi, romalılar bir-birinin ardınca mühüm etrusk şәhәrlәrini tabe etdilәr. E.ә. 396 ildә Veyi, e.ә. 358 ildә Sere, e.ә. 308 ildә Tarkviniya Romanın hakimiyyәti altına keçdi. E.ә. 283 ildәn sonra isә bütün Etruriya Romadan asılı vәziyyәtә düşdü. Romanın müttәfiqlәri hesab olunan etrusk icmaları daha iki әsr müddәtindә әksәr şәhәrlәrdә keçmiş siyasi quruluşu, dini tәsisatları vә özlәrinә mәxsus mәdәniyyәtlәrini qoruyub saxladılar. Yalnız Sullanın dövründә (e.ә. 1 әsrdә) Etruriyanın әrazisi xeyli kiçildi, burada çoxsaylı hәrbi mәskәnlәr salındı vә E. tezliklә ro-manlaşmaya mәruz qaldı. -ın qәdim İtaliyanın, xüsusilә romalıların mәdәni inkişafına böyük tәsiri olmuşdur. Romalılar siyasi tәşkilatlanmanın bir sıra xüsusiyyәtlәrini, ordu quruluşunu vә silahları, hakimiyyәt rәmzlәrini (insiqnasiya) E.-dan mәnimsәmişlәr. E.-ın mifologiyası vә dini Roma mifologiyası vә dininә böyük tәsir göstәrmişdir. Ehtimal ki, Orta vә Şimali İtaliyadakı tayfalar yunan yazısını E.-ın vasitәsilә mәnimsәmişlәr.
E.-ın incәsәnәtinin inkişafı e.ә. 7–2 әsrlәrә tәsadüf edir. Memarlıq abidәlәrindәn qala divarları (Peruca, Çerveteri vә s. şәhәrlәrdә), sәrdabalı mәqbәrәlәr, mәbәd vә yaşayış evlәrinin qalıqları var. Kvadrat formalı yaşayış evlәri iki, yaxud dörd çatılı taxtapuşla örtülürdü. Zәngin bәzәklәri vә sütunlu portiklәri olan mәbәdlәr diqqәti cәlb edir. Şәhәrlәrin kәnarında nekropollar yerlәşirdi. E.-ın incәsәnәtindә mәqbәrә rәsmlәri mühüm yer tutur (“Trikliniya”, “Orko”, “Reqolina Qalassi” vә s. mәqbәrәlәr). Binaları bәzәmәk üçün rәnglәnmiş terrakotadan heykәl vә relyeflәr hazırlanırdı. Tuncdan vә daşdan yonulmuş heykәllәr dә dövrümüzәdәk mühafizә olunmuşdur. Monumental boyakarlıq e.ә. 7 әsrdә yaranmış, e.ә. 6 –5 әsrlәrdә çiçәklәnmә dövrünә (Tarkviniyadakı “Ovçular vә balıqçılar” sәrdabası) çatmışdı. Başdaşı vә sarkofaqlarda E.-ın portret tәsvirlәri qalır. E.-ın torevtika әsәrlәri, hәmçinin tunc qabları, naxışlı güzgülәri, qızıl mәmulatları vә keramik vazaları yüksәk bәdii keyfiyyәti ilә seçilir.
Əd.: Немировский А.И., Харсекин А.И. Этруски. Введение в этрускологию, Воронеж. 1969; Буриан Я., Моухова Б. Загадочные этруски. Пер. с чешского. M., 1970; Чубова А.П. Этрусское искусство. M., 1972; Неми ровский А.И. От мифа к истории. M., Наука. 1983.