DOBANTON (Daubenton) Lui Jan Mari (29.5.1716, Fransa, indiki Kot-d’Or dep-ti, Monbar – 1.1.1800, Paris) – fransız anatomu, hәkim, tәbiәtşünas, Paris EA üzvü (1760), Peterburq EA fәxri üzvü (1776). 1788 ildәn Paris Botanika bağının direktoru olmuşdur. J. de Büffonla birgә “Tәbiyyat tarixi” әsәrinin yaradılmasında iştirak etmişdir. Әsәrin ilk 15 cildindә mәmәlilәrin 182 növünün anatomik tәsvirini vә qismәn dә müqayisәli-anatomik xarakteristikasını vermişdir; bunların 50 növü ilk dәfә olaraq yarılmışdır, yarasaların 7 növü isә D.-a qәdәr ümumiyyәtlә elmә mәlum deyildi. Ev heyvanlarının iqlimlәşdirilmәsi ilә mәşğul olmuş, merinos qoyunlarının yeni cinsini yetişdirmişdir.