DOBRETSÓV Nikolay Leontyeviç (d.15.1.1936, Leninqrad) – rus geoloqu, petroloq vә tektonisti, REA akad. (1987), Lenin mükafatı (1976), RF Dövlәt mükafatı (1997) лауреатыдыр. REA Sibir şö- bәsi Rәyasәt Heyәtinin sәdri vә REA-nın vitse-prezidenti (1997 il- dәn). N.G.Kellin nәvәsi. 1957 ildә G.V.Plexanov ad. Leninqrad Dağ-Mәdәn İn-tunu bitirmişdir. 1957–60 illәrdә Altay geoloji-planalma ekspedisiyasında, 1960–80 illәrdә SSRİ EA Sibir şöbәsinin Geologiya vә Geofizika İn-tunda, 1980–87 illәrdә SSRİ EA Sibir şöbәsi Buryatiya Elmi Mәrkәzinin Geologiya İn-tunda (Ulan-Ude) direktor, 1987–89 illәrdә SSRİ EA Sibir şöbәsindә Buryatiya Elmi Mәrkәzi Rәyasәt Heyәtinin sәdri, 1990 ildәn REA Sibir şöbәsinin Birlәşmiş Geologiya, Geofizika vә Mineralogiya İn-tunun direktoru, 1990–97 il- lәrdә REA Sibir şöbәsindә sәdr müavini işlәmişdir. 2006 ildәn REA Sibir şöbәsinin Geologiya vә Mineralogiya İn-tunun direktoru vәzifәsindә çalışır. Әsas tәdqiqatları petrologiya vә tektonika üzrәdir. Endogen proseslәrin korelyasiyası nәzәriyyәsinin әsaslarını işlәmiş, әlvan metalların, asbest, mika, apatit vә digәr faydalı qazıntı yataqlarının formalaşmasında metamorfizm proseslәrinin әhәmiyyәtini göstәrmişdir. Metamorfik formasiya xәritәlәrinin tәrtibçilәrindәn biridir. Ehtimal-statistik metodlardan istifadә etmәklә geologiyada çoxkomponentli sistemlәrin analizi nәzәriyyәsini inkişaf etdirir. REA-nın “Biosferin әmәlә gәlmәsi vә tәkamülü” proqramının rәhbәrlәrindәndir.
Ә s ә r l ә r i: Петрология и метаморфизм древних офиолитов. Новосиб., 1977; Глобальные петрологические процессы. М., 1981.