ÉTVEŞ (Eötvös) Lorand (Roland) (27.7. 1848, Budapeşt – 8.4.1919, Budapeşt) – macar fiziki, Macarıstan EA üzvü (1883) vә prezidenti (1889 ildәn). Budapeşt vә Geydelberq un-tlәrindә oxuyub (1870 ildә bitirib). 1871 ildәn Budapeşt Un-tindә işlәyib (1872 ildәn prof.), Macarıstanın maarif naziri (1894–95) olub. Tәdqiqatları molekulyar fizika, qravitasiya, geofizika sahәsindәdir. 1886 ildә sәthi gәrilmә qüvvәsinin temp-rdan asılılığını (Etveş qanunu) müәyyәn etmişdir. 1888 ildә düzәltdiyi burma tәrәzi ilә qravitasiya (cazibә) vә әtalәt kütlәsi arasındakı bәrabәrliyi yoxlamaq mәqsәdilә eksperimentlәr hәyata keçirmişdir (1889– 1908). E.-in qravitasiya eksperimentlәrinin nәticәlәri göstәrdi ki, cazibә vә әtalәt kütlәlәrinin bәrabәrliyi çox yüksәk dәqiqliklә (5·10–9-adәk) yerinә yetirilir, sonralar isә A.Eynşteyn bundan istifadә edәrәk ümumi nisbilik nәzәriyyәsini (ekvivalentlik prinsipini) yaratdı. Faydalı qazıntıların kәşfiyyatında tәtbiq edilәn qravitasiya variometrini ixtira etmişdir. Ağırlıq qüvvәsi tәcili qradiyentinin vahidi etveş onun adını daşıyır. 1891 ildә riyaziyyat vә fizika cәmiyyәtini yaradaraq onun ilk prezidenti olmuşdur. Budapeşt Un-tinә E.-in adı verilib.