ÉTVEŞ EFFÉKTİ – eyni bir yerdә sükunәtdә olan cismin vә Yerә nisbәtәn hәrәkәt edәn cismin ağırlıq qüvvәsi tәcilinin müxtәlif qiymәtlәrә malik olmasını göstәrәn hadisә. E.e. ağırlıq qüvvәsinin cismin hәrәkәt sürәtindәn asılı olan mәrkәzdәnqaçan toplananının dәyişmәsi ilә şәrtlәnir. Yerin fırlanması istiqamәtindә (yәni q.-dәn ş.-ә) hәrәkәt zamanı cismin sürәti fırlanma sürәti ilә toplanır vә mәrkәzdәnqaçan qüvvә böyüyür, nәticәdә ağırlıq qüvvәsi azalır; әksinә, Yerin fırlanmasının әks istiqamәtindә ağırlıq qüvvәsi artır. E.e.-nin qiymәti (qallarla): Δg=0,00405VcosφsinA + 0,00000121V2, burada φ – en dairәsi, A – şm. istiqamәtindәn saat әqrәbi boyunca hesablanmış hәrәkәtin azimutu, V – cismin Yerә nisbәtәn sürәti (km∕saat-la). E.e. hәrәkәt edәn gәmilәrdә vә tәyyarәlәrdә qurulmuş rәqqaslı cihazlar vә qravimetrlәr vasitәsilә ağırlıq qüvvәsinin ölçülmәlәri zamanı nәzәrә alınır. V 2 hәddi yalnız V<15 km⁄saat hәrәkәt sürәtlәrindә praktiki olaraq nәzәrә alınmayacaq dәrәcәdә kiçik olur. E.e., bu effektin varlığını göstәrәn vә laboratoriya şәraitindә onu nümayiş etdirmәk üçün cihaz düzәldәn L.Etveşin adı ilә adlandırılmışdır.