EUKARİOTLAR – prokariotlardan fәrqli olaraq hüceyrә cismi membranla mәhdudlaşan nüvә vә sitoplazmaya diferensiasiya etmiş bir, yaxud çoxhüceyrәli bitki vә heyvan orqanizmlәri. Ən yeni üzvi alәm sisteminә görә E.-a prokariotlar alәmüstünә qarşı qoyulmaqla alәmüstü dәrәcәsi (heyvanlar, göbәlәklәr, bitkilәr alәmi daxil olmaqla) verilir. E.-da nüvәnin genetik materialı mitoz yolu ilә ikilәşmәyә vә törәmә hüceyrәlәr arasında paylanma qabiliyyәtinә malik olan xromosomlarda yerlәşmişdir. Xromosomların molekulyar әsasını histonlar vә s. zülallarla sıx birlәşmiş dezoksiribonuklein turşusu (DNT) tәşkil edir. E.-ın әksәriyyәtindә tipik cinsi proses (mayalanma zamanı hüceyrә nüvәlәrinin birlәşmәsi vә meyoz prosesindә reduksion bölünmә ilә gedәn) vardır; E. hüceyrәlәrin sitoplazması prokariotlarınkından fәrqli olaraq endoplazmatik şәbәkәni, Holci kompleksini, mitoxondrilәri vә s. orqanellaları formalaşdıran mürәkkәb membran sisteminә malikdir.