EV GÖYƏRÇİNLƏRİ – göyәrçinkimilәr fәsilәsindәn әhlilәşdirilmiş ev quşları. Əcdadı çöl göyәrçinidir (Columba livia ). Tәqr. 1000 cinsi mәlumdur. Cәnubi Avropa, Şimali Afrika, Qafqaz, Yaxın vә Orta Şәrq, Mәrkәzi vә Cәnubi Asiya, Çindә geniş yayılmışdır. E.g. cinslәrinin әksәriyyәti bәzәk (dekorativ) quşlarıdır (tovuzabәnzәr göyәrçin, Anadolu qağayısı, yakobin, kapusin, Nikolayev göyәrçini, Oçakov göyәrçini vә s.). Əsasәn üç cins qrupuna ayrılır: poçt-idman cinslәri (Antverpen, rus poçt göyәrçini vә s.), bәzәk (dekorativ), әtlik göyәrçinlәr. Poçt-idman cinslәri әsasәn idman yarışlarında, bәzi ölkәlәrdә (İsveçrә, Kuba vә s.) isә onlardan mәktubları, donor qanı olan ampulaları vә s. çatdırmaq üçün istifadә edilir. Pәhriz yemәklәri hazırlamaq üçün yetişdirilәn 30-adәk әtlik cins (kinq, ştrasser, Roma nәhәngi, monden vә s.) mәlumdur. Qәdim Roma dövründәn mәlum olan Roma nәhәngi cinsi әn iri E.g.-dir; yaşlı erkәk fәrdlәrin orta kütlәsi 1,45 kq (bәzәn 1,75 kq-adәk), dişilәri 1,1 kq olur. Ətlik E.g.-nin sәnaye istehsalı Fransa, İtaliya, Macarıstan, Almaniya, ABŞ, Cexiya vә s. ölkәlәrdә inkişaf etmişdir. Bu cinslәr yüksәk mәhsuldarlığı vә tezyetişkәnliyi ilә fәrqlәnir. Cinsi yetişkәnliyә 5 aylığında çatır. İldә 5–7, bәzәn 9 dәfә bala cıxarır. Cütlәşmәdәn 1 hәftә sonra ana quş 1-ci yumurtanı, 40–42 gündәn sonra isә 2-cisini qoyur. Hәr iki valideyn növbә ilә 18 gün kürt yatır; 16–19 gündәn sonra balalar çıxır. Optimal yemlәmә vә saxlanma şәraitindә balaların kütlәsi 28 sutka әrzindә 0,6–0,8 kq-a çatır. E.g. bölmәlәrә ayrılmış quru, işıqlı göyәrçin damlarında (taxta evciklәr) saxlanılır. Bunlar yelçәkәn olmamalı, temp-r isә 0°C-dәn aşağı düşmәmәlidir. Bu damların qarşısında әtrafına tor çәkilmiş vә çimmәk üçün kiçik lәyәnlәri olan gәzinti yerlәri düzәldilir. Ətlik E.g. hәmçinin, qәfәsli batareyalarda saxlanır. E.g.-ni yemlәmәk üçün tәrkibindә ilin fәsillәrindәn, göyәrçinlәrin fizioloji vәziyyәtindәn (mәs., tülәmә) asılı olaraq dәn qarışığından istifadә olunur. Balalara hәmçinin, dәnli, dәnli-paxlalı vә yağlı bitkilәrin toxumlarından düzәldilәn dәnәvәrlәşdirilmiş qarışıq yem verilir. Minerallı vә vitaminli әlavә yemdәn dә istifadә edilir. Yaşlı göyәrçin üçün sutkalıq yem norması 30–50 q-dır. Azәrb.-da, әsasәn, poçt vә turman (yumalanan) E.g. geniş yayılmışdır.