ÉVANS Bill (16.8.1929, Nyu-Cersi ştatı, Pleynfild – 15.9.1980, Nyu-York) – Amerika caz pianoçusu. Musiqiyә uşaq yaşlarından meyil etmiş, violin vә fleytada çalmağı öyrәnmişdir. 1936 ildә kilsә xorunda çalışmış, 1950 ildә Cәnub– Şәrq Un-tinin (Luiziana ştatı, Hammond ş.) musiqi fakültәsini bitirmişdir. Peşәkar caz karyerasına gitaraçı M.Lou vә kontrabasçı R.Mitçellә başlamışdır. 1956 ildә Nyu-York sәhnәsindә klarnetçalan T.Skotla çıxış etmiş, hәmin ildә trio tәrkibindә özünün ilk “New Jazz Conceptions” albomunu buraxmışdır. 1958 ildә yazdırdığı “Kind of Blue” albomu ona böyük şöhrәt gәtirmişdir. E.-ın caz triosunun tәşәkkülü vә inkişafında böyük rolu olmuşdur. O.Piterson (Kanada) vә C.Şirinqlә (İngiltәrә) birgә müasir kamera caz janrının (“piano trio”) yaradıcılarından biridir. E. 1959 ildә öz triosunu yaratmışdır (kontrabasçı – S.Lafaro, zәrb alәti ifaçısı –P.Mouşen). 1950 –70 illәrdәki fәal konsert fәaliyyәti vә çox sayda albomlarının uğur qazanmasına görә onun triosu dünya standartı kimi qәbul edilmişdir. E. 7 dәfә Qremmi mükafatına layiq görülmüşdür. 1970-ci illәrdә populyar müğәnni T.Bennetlә birgә kinofilmlәrdә sәslәnәn mәşhur mahnılardan ibarәt iki albom yazdırmışdır. E., Ştokhauzenin studiya eksperimentlәri ruhunda çoxkanallı sәs yazısını solo ifa ilә eksperimentdәn keçirәn ilk pianoçulardandır. Bu eksperimentlәr “Öz-özümlә söhbәtlәr” (Conversations with Myself, 1963) vә “Öz-özümlә sonrakı söhbәtlәr” (Further Conversations, 1966) albomlarının yaranması ilә nәticәlәnmişdir; burada o, ikiqat yazıyaalma üsulunda özü ilә duet ifa edirdi. Harmoniya vә ritmin yeni konsepsiyalarını yaratmaq, hәmçinin müxtәlif üsulları birlәşdirmәk, caz vә klassik musiqi elementlәrini etnik vә multimәdәni intonasiyalarla üzvi surәtdә birlәşdirmәk E.-ın yaradıcılığının novatorluq xüsusiyyәtlәridir.