ÉVANS Ronald (10.11.1933, Kanzas ştatı, Sent-Frensis ş. – 7.4.1990, Arizona ştatı, Skottsdeyl ş.) – ABŞ astronavtı, HDD-nın 1-ci dәrәcәli kapitanı. 1956 ildә elektrotexniki maşınqayırma ixtisası üzrә Kanzas Un-tini, 1964 ildә tәyyarәqayırma ixtisası üzrә Montrey Hәrbi Dәniz Mәktәbini bitirmişdir. 1966 ildә Aeronavtika vә Kosmik Fәzanın Tәdqiqi üzrә ABŞ Milli İdarәsinin astronavtlar qrupuna daxil olmuşdur. 1972 il dekabrın 7–19-da “Apollon-17” kosmik gәminin әsas blokunun pilotu kimi Aya uçmuş (Y.Sernan vә H.Şmitt ilә birlikdә) vә Ay әtrafına 75 dәfә dövrә vurmuşdur (147 saat 48 dәq.). Sernanla Şmitt Ayda olduğu müddәtdә (72 saat) onların fәaliyyәtini tәmin etmiş, Ay–Yer trassasında (Yerdәn 300 min km mәsafәdә) gәmidәn açıq kosmosa çıxmışdır (67 dәq.). Uçuş 12 sutka 9 saat 51 dәq. davam etmişdir.