“EVELİNA” MÜNAQİŞƏSİ – daşnakbolşevik qüvvәlәri tәrәfindәn “Evelina” gәmisinin tәrk-silah edilmәsi. 1918 ilin martında Bakıda ictimai-siyasi vәziyyәt son dәrәcә gәrgin idi. Şәhәrdә Azәrb. hәrbi qüvvәlәrinin zәif olduğuna әmin olan Bakı Sovetinin rәhbәrliyi, S. Şaumyan başda olmaqla, müsәlmanlara qarşı qırğına hazırlaşırdı. Bu mәqsәdlә z-dlarda, mәdәnlәrdә ermәni vә rus fәhlәlәri müxtәlif bәhanәlәrlә “Qırmızı ordu” sıralarına qәbul edilirdi. Ermәni Milli Şurası cәbhәdәn qayıdan ermәni әsgәrlәrini Bakıda saxlamaq üçün martın әvvәllәrindә onlara müraciәt etdi. Ermәni milyonçusu Mantaşevin z-dları isә ermәnilәrin silah-sursat cәbbәxanasına çevrildi. İrandan vә Orta Asiyadan sovet hökumәtinin adına göndәrilәn silahlar da onların әlinә keçdi. 1918 il martın 17-dә qırğın törәtmәk üçün bәhanә yaratmaq mәqsәdilә “Müsavat” partiyası üzvlәrinin vә azәrb. әsgәrlәrin – yunkerlәrin olduğu “Avetik” gәmisi Şaumyanın әmri ilә atәşә tutuldu. Elә hәmin gün B.Avakyan “Astoriya” mehmanxanasında Hәrbi İnqilabi Komitә adından daşnaklara silah payladı. Martın 24-dә şәxsi heyәti müsәlmanlardan ibarәt olan “Evelina” gәmisinin tәrk-silah edilmәsi milli qırğına başlamaq üçün bәhanә idi. Belә ki, milyonçu H.Z.Tağıyevin Lәnkәranda xidmәt edәn vә tәsadüfәn әlindәki silahdan açılan atәş nәticәsindә hәlak olan oğlu Mәhәmmәdin dәfnindә iştirak etmәk üçün Bakıya gәlmiş müsәlman alayının zabitlәri mәrasimdәn sonra “Evelina” gәmisi ilә Lәnkәrana qayıtmalı idilәr. Ermәnilәr Rus Milli Şurası, Xәzәr matrosları, eser vә menşevik partiyaları arasında “Evelina” ilә gedәn zabitlәr Lәnkәranda olan müsәlman hәrbi hissәlәri ilә birlikdә Muğandakı rusmolokan kәndlәrini “mәhv etmәk” üçün tapşırıq alması haqqında şayiә yaydılar.
Bunun nәticәsindә Bakıdakı bütün qeyriazәrb. siyasi vә hәrbi qüvvәlәr “Evelina” gәmisinin tәrk-silah edilmәsinә tәrәfdar çıxdılar. Martın 30-da Bakı ş. mәdәn-zavod rayonlarının inqilabi müdafiә komitәsi yaradıldı. Komitәyә S.Şaumyan, A.Caparidze, Q.Korqanov, İ.Suxartsev, S.Saakyan, M.Yolçuyan, N.Nәrimanov daxil idi.
İnqilabi komitәnin tәşәbbüsü ilә “Evelina”nın Lәnkәrana yola düşmәsi dayandırıldı vә gәmidәki zabitlәr tәrk-silah olundu. Müsәlman әhalisi mәscidlәrә toplaşaraq, silahların qaytarılmasını tәlәb etdi. Azәrb. milli tәşkilatlarının nümayәndәlәri inqilabi komitәyә gәlәrәk, alınmış silahları “Hümmәt” müsәlman bolşevik tәşkilatı vasitәsilә qaytarmağa cәhd göstәrdilәr. Lakin bolşevik-daşnak koalisiyası әvvәlcәdәn bağladıqları sövdәlәşmә әsasında müsәlman әhalisi üzәrinә hücuma keçdi. Bu, Bakıda türk-müsәlman әhaliyә qarşı Mart soyqırımının (1918) başlanğıcı oldu.