EVFÁUZİLƏR, evfauzikimilәr (Euphausiasea) – ali xәrçәngkimilәr dәstәsi. Bәdәninin uz. 5 mm-dәn 96 mm-әdәk olur. Xarici görünüşü krevetkalara (onayaqlı xәrçәnglәr dәstәsindәn) oxşayır, lakin onlardan döş ayaqcıqları üzәrindә yerlәşmiş qәlsәmәlәrinin döş qalxanı ilә örtülmәmәsinә görә fәrqlәnir. İkişaxәli döş ayaqcıqları yalnız üzmәk üçündür. Saplaqlı mürәkkәb gözlәri var. Ayrıcinsiyyәtlidirlәr. Yumurtalarını suya tökürlәr. Sürfәlәri yumurtadan nauplius mәrhәlәsindә çıxır, bundan sonra bir neçә inkişaf mәrhәlәsi keçir. Dünya okeanında (xüsusilә subtropik vә tropik qurşaqlarda) geniş yayılmış tәqr. 90 növü mәlumdur. E. dәnizlәrdә kütlәvi çoxalırlar, müxtәlif dәniz mәmәlilәri vә balıqların yemidir.