DÓLLAR, ABŞ d o l l a r ı (alm. Taler sözündәn) – ABŞ pul vahidi, 100 sentә bәrabәrdir. Ölkә Konqresi tәrәfindәn rәsmәn 1785 ildә elan edilmişdir. Tәrkibindә24.009 q xalis gümüş olan D. әn ağır sikkә idi vә “tәkәr” adlanırdı. Әvvәllәr ABŞ әrazisindә xarici valyutalar (ingilis funt sterlinqi, ispan gümüş dolları) tәdavüldә olmuşdur. Şimali Amerikada istiqlaliyyәt müharibәsini (1775–83) maliyyәlәşdirmәk mәqsәdilә müharibәnin sonuna kimi tamamilә öz dәyәrini itirmiş kontinental dollar buraxılmışdı. 1792 ildә bimetalizm qәbul olundu; sikkәlәr sәrbәst şәkildә gümüş vә qızıldan zәrb edilirdi, lakin tәsәrrüfat dövriyyәsindә qızıl dollar daha çox idi. Şimal ilә Cәnub arasında Vәtәndaş müharibәsi (1861–65) illәrindә tәdavülә buraxılmış “qrinbek”lәr (rәnginә görә “yaşıl söykәnәcәk” adlanan) güclü inflyasiya nәticәsindә dәyәrini itirmişdi. 1873 ildә ABŞ-da faktiki olaraq qızıl standartı formalaşmış, 1900 il Aktı ilә qanunilәşdirilmişdi. D.-ın tәrkibi 1,50463 q xalis qızıldan ibarәt idi. Banknotlar qızıla dәyişdirilirdi. 1913 il Federal ehtiyat aktı ilә kommersiya banklarını vә 12 federal ehtiyat bankını vahid mәrkәzi bankda birlәşdirәn Federal ehtiyat sistemi yaradıldı. Әvvәlcә banknotlar kommersiya vә bank veksellәri ilә, 1917 ildәn veksel (60%) vә qızılla (40%), 1932 ildәn (Qlass-Stiqoll qanunu) – 25%-lik qızıl tәminatından әlavә dövlәt qiymәtli kağızları ilә tәmin olunurdu. ABŞ-ın pul kütlәsinin strukturunda bank hesablarında vә tәlәbli depozitlәrindә qeydә alınmış nağdsız dollar üstündür, çünki nağdsız hesablaşmalar ölkәnin tәdiyә dövriyyәsinin tәqr. 90%-ni tәşkil edir.
1930-cu illәrin iqtisadi böhranı dünyada, o cümlәdәn 1933 ildә ABŞ-da qızıl standartının lәğvinә vә 1934 ildә D.-ın 40,94% devalvasiyasına gәtirib çıxardı. D.-ın 0,888671 q xalis qızıla qәdәr azalmış qızıl tәrkibi vә qızılın müәyyәn edilmiş rәsmi qiymәti (31,1 q xalis qızıla bәrabәr bir unsiyasına görә 35 dollar) 1934–71-ci illәr arasında dәyişmәz qalmışdı. Beynәlxalq mövqeyini möhkәmlәndirmәk mәqsәdilә ABŞ xarici mәrkәzi banklar vә digәr rәsmi orqanlar üçün dolların qızıla konversiyasını saxladı.
Birinci dünya müharibәsindәn sonra D. öz rәqibini – ingilis funt-sterlinqini sıxışdıraraq dünya pulu kimi mövqeyini tәdricәn güclәndirdi. İkinci dünya müharibәsindәn sonra D. qızıl vә ingilis valyutası ilә yanaşı Bretton-Vuds valyuta sisteminin әsasını tәşkil etdi.
Yamayka valyuta sistemindә D. rәsmәn ehtiyat valyuta statusundan mәhrum edilmişdir. BVF-nin nizamnamәsindә edilәn dәyişikliyә (1.4.1978) әsasәn D. “sәrbәst istifadә olunan valyutalar” (bura hәmçinin ingilis funt-sterlinqi, yapon iyeni, alman markası vә fransız frankı da aiddir) kateqoriyasına keçirilmişdir.
Üzәn (çevik) valyuta rejiminә keçidlә әlaqәdar D.-ın mәzәnnәsi gah qalxır, gah enir. D.-ın növbәti zәiflәmәsi 2002 ildәn başlamış, 2010-cu illәrdәn D. yenidәn yüksәlәrәk dünya valyuta bazarında öz mövqeyini möhkәmlәndirmişdir.
ABŞ tәrәfdaş ölkәlәrin vasitәsilә makroiqtisadi problemlәrini hәll etmәk mәqsәdilә dolların mәzәnnәsini fәal surәtdә tәnzimlәyir. D.-ın mәzәnnәsinin enmәsindәn ABŞ ixracın inkişafı, yüksәlmәsindәn isә xarici investisiyaların cәlb olunması, idxalın ucuzlaşdırılması, inflyasiyanın azaldılması üçün istifadә edir.
İnhisarçı beynәlxalq mövqeyinin sar- sıdılmasına baxmayaraq, ikivalyutalı dünya sisteminin formalaşmasına tendensiyanın artdığı şәraitdә D. beynәlxalq tәdiyәehtiyat vasitәsi kimi öz liderliyini qoruyub saxlamışdır. Kreditlә әlaqәli bir çox xarici iqtisadi müqavilә vә sazişlәrin valyutalaşdırılması, beynәlxalq hesablaşmaların 50%-ndәn çoxu, bütün ölkәlәrin (65%) rәsmi valyuta ehtiyatlarının saxlanılması D.-la hәyata keçirilir. 38 ölkә öz valyutasını D.-a tәhkim etmiş, bәzi ölkәlәr isә D.-dan milli pul vahidi kimi istifadә edir. D. dünya maliyyә bazarında, o cümlәdәn Avropa valyutaları bazarında hakim mövqedә qalmaqdadır.