DOLOMİT [fransız geoloqu D.Dolomyönün (D. Dolomieu; 1750–1801) şәrәfinә adlandırılmışdır] – 1) tәbii karbonatlar sinfinin mineralı. Kimyәvi tәrkibi CaMg(CO3)2. Triqonal sinqoniyada kristallaşır. Rombik, prizmatik, lövhәvarı kristallar, dәnәvәr, bәzәn lifli aqreqatlar әmәlә gәtirir. Saf D. rәngsiz vә ya şәffaf ağ olur. Sarımtıl, bozumtul-ağ, yaşılımtıl, qonur vә s. rәngli D.-lәr dә mәlumdur. Şüşә vә sәdәf parıltılıdır. Sәrtliyi 3,5–4,0; sıxlığı 2850 kq/m3. Qızdırıldıqda xlorid turşusunda hәll olur. Çökmә-hemogen, hidrotermal, metasomatik mәnşәlidir.
Доломит минералы.
2) Әsasәn D. mineralından ibarәt çökmә süxur; ikinci adı – dolomitolit. Tәmiz, monomineral D. (100–95% D.), әhәngdaşlı D. (95–50% kalsium), gipsli D., anhidridli D., gilli vә qumlu D. vә s. növlәri geniş yayılmışdır. Ağ D.-lәr üstünlük tәşkil edir. Manqan oksidlәri, kömürlü vә bitumlu maddәlәr qatışığı D.-i qara, Fe3+ hidroksidlәri qırmızı vә ya sarı, xloritlәr vә qlaukonitlәr yaşıl rәngә boyayır. D.-lәrin çoxu ekzogen mәnşәlidir. Onlar dәniz, laqun vә dәnizlәrlә әlaqәsi olmayan şorlaşmış göllәrdә suyun yüksәk duzluluğu şәraitindә әhәngli lilin diagenetik dәyişmәsindәn әmәlә gәlir. Endogen D.-lәr hidrotermal vә hidrotermal-metasomatik proseslәr nәticәsindә yaranır, damarlar, qeyri-düzgün formalı kütlәlәr, ştokverklәr әmәlә gәtirir.
Metallurgiyada odadavamlı xammal vә flüs kimi, tikintidә but vә üzlük daşı kimi, k. t.-nda turş torpaqları neytrallaşdırmaq üçün, şüşә istehsalında, hәmçinin maqnezium filizi kimi istifadә olunur. İri yataqları RF-dә (Moskva vә Perm vil.-lәri, Kunqur hövzәsi, Tıva), Qazax.-da (Balxaş gölü), AFR-dә (Ştromberq, Xunsryuk), Әlcәzairdә (Celfa), ABŞ-da (Nyu-York vә Yuta ştatları), İsveçrәdәdir. Azәrb.-da bir sıra D. vә dolomitlәşmiş әhәngdaşı yataqları (Nax. MR-dә – Nehrәm, Qobustanda – Boyanata, Abşeronda – Binәqәdi, Qusarda – Tәgircal vә s. ) mәlumdur.
Әd.: Карбонатные породы. М., 1970–1971. Т. 1–2.