EVQLÉNAKİMİLƏR (Evglenophyta) – mikroskopik yosunlar şöbәsi. Birhüceyrәli, hәrәkәtli, bәzәn kolonial formalardır. Aydın görünәn nüvәsi, pirenoidlәri olan, yaxud olmayan yaşıl (bәzәn rәngsiz) xloroplastları, üstündә isә bәrk, dәmirlә inkrustasiya olunmuş “evciklәr” yerlәşәn plazmatik örtüyü (periplast) var. Bәdәnin ön ucunda içәrisindә xaricә 1–2 (bәzәn çox) qamçı çıxan boşluq (udlaq) yerlәşir, yan tәrәfdәn isә ona yığılıb-açılan vakuol vә stiqma (gözcük) bitişir. Sürünәn formalarda qamçı inkişaf etmәmişdir. E. uzununa bölünmәklә çoxalır. Əlverişsiz şәraitdә E.-in bәzilәri qamçılarını atıb, dincәlәn sporlar (sistalar) әmәlә gәtirir. Yaşıl E., әsasәn, fototrof, rәngsizlәr isә saprofit vә holozoyla (heyvan tipli) qidalanır. Parazit formaları azdır. Tәrkibindә ehtiyat qida maddәsi rolunu oynayan paramilon karbohidratı vә yağ var. Üzvi maddәlәrlә zәngin dayaz su hövzәlәrindә 60-a yaxın cinsi, 900-dәn çox növü yayılmışdır. Kütlәvi çoxaldıqda suya yaşıl, qırmızı, yaxud, qonur rәng verir. Bir çox zooloqlar E.-i ibtidailәr tipinin qamçılılar sinfinin bir dәstәsi hesab edirlәr.