DOMÉYKO İqnatsi [13.7. (digәr mәnbәlәrә görә 3.7). 1802, Vilno qub. Novoqrudsk qәzasının Nidzvyadka k. – 31.1. (digәr mәnbәlәrә görә 23.1). 1889, Santyaqo, Çili] – coğrafiyaçı vә geoloq (mineraloq). 1822 ildә Vilno Un-tini (indiki Vilnyus Un-ti) bitirmişdir. 1830–31 illәrdә Polşa üsyanında iştirak etmiş, sonradan Fransaya mühacirәt edәrәk Parisdә Ali dağ- mәdәn mәktәbini bitirmişdir (1837). 1838 ildә Çiliyә getmiş, Kokimbo ş.-ndә dağ-mәdәn mәktәbini vә mineralogiya laboratoriyasını yaratmışdır. 1839 ildәn Santyaqoda Çili Milli Un-tindә dәrs demişdir (1867–82 illәrdә rektor). Çoxsaylı ekspedisiyaların nәticәlәri әsasında Atakama sәhrasının ilk coğrafi tәsvirini vermiş, ölkәnin coğrafi vә geoloji rayonlaşdırılmasını aparmış, yeni yataqlar açmış vә istismarı başa çatmış bir çox faydalı qazıntı (qızıl, gümüş, mis-molibden, daş kömür vә s.) yataqlarında perspektivli sahәlәr aşkar etmişdir; onların kompleks şәkildә işlәnmә mümkünlüyünü göstәrmişdir. Avropada mәlum olmayan bir sıra mineralların tәsvirini vermiş, aşkar etdiyi meteoritlәri tәdqiq etmişdir. Çilidә ilk mineralogiya dәrsliyinin (1854) vә Cәnubi Amerikanın “Araukaniya vә onun әhalisi” etnoqrafik әsәrinin müәllifidir. Dağlarda içmәli su mәnbәlәrini aşkar etmiş vә Santyaqoya su kәmәrinin çәkilmәsi planını hazırlamışdır. Onun tәşәbbüsü ilә Çilidә yeni ölçü vә çәki sistemi tәtbiq edilmiş, meteoroloji xidmәt yaradılmış, ölkәnin tәhsil sistemi tәkmillәşdirilmişdir. And d-rında silsilәyә (Kordilyer-Domeyko), Sakit okean sahilindә şәhәr vә porta, La-Serena ş.-ndә Mineraloji muzeyә, elәcә dә minerala (domeykit) onun adı verilmişdir.
Ә s ә r l ә r i: Tratado de Ensayes. La Serena., 1844; Elementos de Mineralogia. La Serena., 1849.
Әd.: W ό j c i k Z. I. Domeyko. Wroclaw., 1995.