DONÉTSK KÖMÜR HÖVZӘSİ (Donbas) – Ukrayna (әsasәn Luqansk, Donetsk vә Dnepropetrovsk vil.-lәri) vә RF (Rostov vil.) әrazilәrindә Avropanın әn iri kömür hövzәsi. Sah. 60 min km2-dәn çoxdur (bunun tәqr. 20 min km2-i RF әrazisindәdir). Kömürün proqnoz ehtiyatı Ukraynada 30,0 mlrd. t, kәşf olunmuş ehtiyatı 47,0 mlrd. t, ilkin qiymәtlәndirilmiş ehtiyatı 6,0 mlrd. t, Rusiyada isә uyğun olaraq 15,977, 6,577 vә 2,990 mlrd. t-dur. 16 әsrin sonu – 17 әsrin әvvәllәrindәn mәlumdur. İlk yataqlar 1721 ildә kәşf edilmişdir. Hasilat 1723 ildәn, sәnaye miqyasında isә 1795–1807 illәrdәn yeraltı üsulla aparılır.
Tektonik planda D.k.h. Şәrqi Avropa platformasının c. hissәsindә Voronej anteklizi vә Ukrayna qalxanı arasındakı eninә uzanmış iri çökәklә, struktur cәhәtdәn isә mürәkkәb quruluşlu sinklinoriumla әlaqәdardır. Kömürlәr Daş kömür sisteminin çöküntülәrindәdir; kömürlü layların qalınlığı 2–3 km-dәn (şm.-q.-dә) 10–15 km-әdәkdir (c.-ş.-dә). Hövzәdә istismara yararlı 30 kömür layı (20-si Ukraynada, 10-u Rusiyada; qalınlıqları 0,6–2,0 m) aşkar edilmişdir. Kömürlәrdә küllülük 10–23%, kükürdlülük 1–6%-dir. Yanarkәn 22–28 MC/kq istilik verir. Hasilat 1,5 km-dәn yuxarı dәrinlikdә, kömürlü layların yüksәk qazlılığı şәraitindә aparılır. 2005-ci ildә Ukraynada 70 mln t, Rusiyada 10 mln. t kömür hasil edilmişdir. Hövzәdә kömürdәn başqa qazkondensat (Şebelinka), sürmә vә civә (Nikitovka), daş duz (Artyomovsk), flüs әhәngdaşıları vә dolomitlәri, tikinti materialları vә s. yataqları da var.
Әd.: З а м к о в о й В.П. Д о н б а с с. М., 1962; Геология месторождений угля и горючих сланцев СССР. М.,1963. Т. 1.