DÓRATİ Antal (9.4.1906, Budapeşt – 13.11.1988, Berlin yaxınlığında Gersenze) – macar vә amerikan dirijoru. Peşәkar musiqiçilәr ailәsindә doğulmuşdur. 1924 ildә Budapeştdәki Milli Kral Macar Musiqi Akademiyasını bitirmişdir. Orada L.Vayner vә Z.Kodaydan (kompozisiya), B.Bartokdan (fp.) dәrs almışdır. 1924–28 illәrdә Macar Dövlәt Operasında işlәmişdir. 1929–33 illәrdә Münsterdә (Almaniya) Operanın, 1933–41 illәrdә Monte-Karloda Rus baletinin musiqi rәhbәri olmuşdur. 1941 ildәn ABŞ-da yaşamış (vәtәndaşlığı 1947 ildәn), 1945 ilә qәdәr Amerika Balet Teatrına başçılıq etmişdir. 1945–49 illәrdә Dallas, 1949–60 illәrdә Minneapolis simfonik ork.-lәrinin rәhbәri, 1957 ildәn ömrünün sonunadәk “sürgün edilmiş orkestr” “Philharmonia Hungarica”nın fәaliyyәtindә yaxından iştirak etmişdir; 1969–72 illәrdә bu kollektivlә Y.Haydnın bütün simfoniyalarını yazdırmışdır. 1963–66 illәrdә Bi-Bi-Si simfonik ork.-nin, 1966–70 illәrdә Stokholm filarmonik ork.-nin, 1977–81 illәrdә Detroyt simfonik ork.-nin baş dirijoru olmuşdur. 1970–77 illәrdә ABŞ Milli Simfonik Ork.-nin (Vaşinqton) baş dirijoru olmuş, hәmin dövrdә ork. dünya şöhrәti qazanmışdır. Klassik musiqi ilә yanaşı, D. tez-tez vә böyük müvәffәqiyyәtlә 20 әsr macar bәstәkarlarının (әsasәn, Bartok vә Koday), hәmçinin A.Berq, P.Hindemit, R.Ştraus (o cümlәdәn az sәslәnәn “Misirli Yelena” operası, 1979) vә b.-nın musiqisini ifa etmişdir.