EVREN Əhmәd Kәnan (Ahmet Kenan Evren) (17.7.1918, Manisa ili, Alaşәhәr – 9.5.2015, Ankara) – Türkiyә hәrbi vә dövlәt xadimi. Hәrbi mәktәbi (1938) vә Hәrbi akademiyanı (1948) bitirmişdir. Koreya müharibәsinin (1950–53) iştirakçısı olmuşdur. 1974 ildә gen. rütbәsi almış, 1977 ildә quru qoşunlarının baş komandanı, 1978 ildәn baş qәrargah rәisi idi. 1980 il sentyabrın 12-dә baş vermiş hәrbi çevrilişin tәşkilatçısı olmuşdur. 1982 ilin noyabrında referendum yolu ilә yeni konstitusiyanın qәbul edilmәsindәn sonra prezident seçilmiş, 1989 ilәdәk bu vәzifәdә qalmışdır. E.-in çevrilişi vә hakimiyyәt dövrü kütlәvi repressiyalarla müşayiәt olunurdu: 178 min nәfәr hәbs edilmiş, 64 min nәfәr hәbsxanaya salınmış, 30 min nәfәr vәtәndaşlıqdan mәhrum edilmiş, 450 nәfәr işgәncәlәr nәticәsindә vәfat etmiş, 50 nәfәr edam olunmuş, minlәrlә adam itkin düşmüşdü. 2012 il yanvarın 10-da Türkiyә mәhkәmә orqanları E.-ә vә onun silahdaşı HHQ-nin keçmiş komandanı T. Şahinkayaya qarşı cinayәt işi qaldırmış, 2014 ildә onlar “dövlәt hakimiyyәtinә qarşı cinayәtdә” günahlandırılaraq, ömürlük hәbs cәzasına mәhkum edilmiş vә hәrbi rütbәlәrindәn mәhrum olunmuşlar.