DÓUSON (Dawson) Corc Merser (1.8.1849, Piktu, Yeni Şotlandiya – 2.3.1901, Ottava) – Kanada geoloqu, tәbiәtşünas, etnoqraf; London
Kral Cәmiyyәtinin üzvü (1891), Kanada Kral Cәmiyyәtinin prezidenti (1893 ildәn). Uşaqlıqda keçirdiyi ağır xәstәlikdәn (onurğa vәrәmi) sonra әlil olmuşdur. 1872 ildә Kenqistonda (B. Britaniya) Kral Dağ-mәdәn mәktәbini bitirdikdәn sonra Kvebekdә Morrin kollecindә kimyanı tәdris etmişdir. 1873–75 illәrdә Amerika-Kanada sәrhәdindә (49-cu paralel üzrә) Britaniya sәrhәd komissiyasının ekspedisiyasında geoloq vә botanik kimi iştirak etmişdir. Bu ekpedisiyanın nәticәlәri haqqında onun mәruzәsi Kanada geologiyasının klassik işi kimi qәbul edilmişdir. 1875 ildәn Kanada Geologiya Xidmәtinin әmәkdaşı (1895 ildәn direktor). Kompleks (geol., landşaft, etnoqrafik) çöl tәdqiqatı aparmış vә Qәrbi Kanadanın geol. xәritәsini tәrtib etmişdir. D.-nun xәritә vә hesabatları Qәrbi Kanadanın tәbii potensialı, orada mәskunlaşma, aqrar-sәnayenin inkişafı, d.y. tikintisi haqqında mühüm informasiya mәnbәyi idi. Xәritәdә qeyd olunmuş Kaynozoy liqnitlәri Kanadanın meşәsiz r-nları üçün әsas yanacaq mәnbәyi idi. 1887 il Yukon ekspedisiyası nәticәsindә Yukon hövzәsindә iri qızıl yataqlarının mövcudluğunu söylәmişdir. D.-nun etnoqrafik vә paleontoloji kolleksiyaları әsasında Kanada Sivilizasiya muzeyi vә Milli Tәbiәtşünaslıq Elmi muzeyi yaradılmışdır. 1892 ildәn Berinq dәnizinin tәbii resursları üzrә Britaniya komisyoneri, 1898 ildәn Kanada Dağ-mәdәn İn-tunun vitse-prezidenti, 1900 ildәn Amerika Geologiya Cәmiyyәtinin prezidenti olmuşdur. Douson ş. onun adı ilә adlandırılmışdır.
Ә s ә r l ә r i: Report on the geology and resources of the region in the vicinity of the forty-ninth parallel, from the Lake of the Woods to the Rocky Mountains. Montreal., 1875; Descriptive sketch of the physical geography and geology of the Dominion of Canada. Montreal., 1884 (S.Selvinlә birlikdә).
Әd.: B a r k h o u s e J.G. Dawson, the little giant. Toronto, 1974.