EVTANÁZİYA (yun. εύ – yaxşı + θάνάτος – ölüm) – sağalmaz xәstәlikdәn әziyyәt çәkәn insanı vә ya heyvanı hәyatdan mәhrumetmә tәcrübәsi. Hazırda “E.” termini müxtәlif mәnalarda işlәdilir: ağır әzab çәkәn şәxslәrin ölümünün sürәtlәndirilmәsi; “artıq” insanların hәyatdan mәhrum edilmәsi (mәs., T– 4 proqramı); can verәnlәrә qayğı (mәs., hospis); insana ölmәk imkanı vermәk. Heyvanların, o cümlәdәn laborator vә sahibsiz heyvanların zәhәrlәnib öldürülmәsi dә “E.” adlandırılır. “E.” termini ilk dәfә 16 әsrdә Fransis Bekon tәrәfindәn “yüngül ölüm” tәyin etmәk üçün işlәdilmişdir.
“E”.-nın iki әsas növü ayırd edilir: passiv E. (kömәkedici müalicәnin tibb işçilәri tәrәfindәn düşünülmüş olaraq dayandırılması) vә aktiv E. (can verәn şәxsә tez vә әziyyәtsiz ölümә sәbәb olan dәrman preparatının yeridilmәsi). Bunlarla bәrabәr, könüllü vә mәcburi E.-nı da ayırd etmәk lazımdır. Könüllü E. xәstәnin xahişinә vә yaxud qabaqcadan söylәdiyi razılığına görә hәyata keçirilir. Mәcburi E. xәstәnin razılığı olmadan, adәtәn, huşsuz vәziyyәtә düşdüyü halda hәyata keçirilir. O, qohumların, qәyyumların vә b.-nın qәrarı әsasında yerinә yetirilir.
Leqal könüllü ölüm ilk dәfә Niderlandda hәyata keçirilmişdir. 1984 ildә ölkәnin Ali mәhkәmәsi könüllü E.-nı mәqbul hesab etmişdir. 1 aprel 2002 ildәn E. Niderlandda leqal olmuşdur. E. 2002 ildә Belçikada leqallaşdırılmışdır. E. 2003 ildә 200, 2004 ildә isә 360 xәstә pasiyentin hәyatdan ayrılmasına kömәk etmişdir. 2014 ildә Belçikada uşaqların E.-sı qanunilәşdirilmişdir. ABŞ-da 1994 ilin noyabrında Oreqon ştatında (bәzi mәhdudiyyәtlәrlә), 2008 ilin noyabrında Vaşinqton ştatında xәstәlәrә terminal mәrhәlәdә özünü öldürmәyin hәyata keçirilmәsindә tibbi yardımın göstәrilmәsinә icazә verәn qanun qәbul edilmişdir. Azәrb.-da E.-nı qadağan etmәk qanunvericiliklә möhkәmlәndirilmiş vә Azәrb. CM.nә әsasәn, E. “iki ilә qәdәr müddәtdә icbari әmәklә, ya da üç ilә qәdәr müddәtdә azadlıqdan mәhrumetmә vә müәyyәn vәzifә tutma, yaxud belә olmadan üç ilә qәdәr müәyyәn fәaliyyәtlә mәşğul olmanı mәhrumetmә ilә cәzalandırılır”. Rusiyada E. “Rusiya Federasiyasında vәtәndaşların sağlamlığının qorunmasının әsasları haqqında” 323 №-li Federal qanunla qadağan olunmuşdur.