EYBƏCƏRLİK – estetikanın әsas kateqoriyalarından biri, gözәlliyin әksi. E.-yә maraq çox qәdim zamanlardan mövcuddur. Aristotel özünün mimesis (tәqlid) nәzәriyyәsi kontekstindә eybәcәr predmetlәrin (meyitlәrin, iyrәnc heyvanların) tәsvirini boyakarlıqda yolverilәn hesab edirdi, çünki burada insanı heyrәtlәndirәn mahiranә tәqlid faktının özüdür. Aristotelә görә, dramatik sәnәtlәrdә E. real iztirabı çatdıra bilmәyәn element kimi komediyada gülünc şәkil alır. Universumun neoplatonçu iyerarxiyasında E. onun әn aşağı – maddi, “yayğın” (formasız) pillәlәrinә şamil olunur; platonçu-neoplatonçu әnәnәdә E. heçlik, yoxluq demәkdir. Xristian estetikasında tәbiәtdәki vә insandakı E.-yә ikili münasibәt mövcud idi: neqativ – günahkarlığın vә xәlq olunmuş gözәlliyin tәhrifinin nәticәsi kimi; pozitiv – ruhani gözәlliyin “görkәmsiz” simada daha aydın tәzahür edәn simvol-işarәsi kimi. E. tәhazürlәrinin xristian mәdәniyyәtindә İlahi universuma xas gözәlliyin üzvi komponentlәri kimi başa düşülmәsi әnәnәsi Avqustindәn başlayır.
Nәzәri estetikada E.-yә uzun müddәt xüsusi diqqәt yetirmәmişlәr. Yalnız hegelçi K.Rozenkrans “Eybәcәrliyin estetikası” (“Ästhetik des Häβlichen”, 1853) adlı fundamental tәdqiqatını E.-yә hәsr etmişdir. Rozenkransa görә, E. gözәlliyin kölgә tәrәfidir. Rozenkrans E.-i müfәssәl tәsnif edәrәk onun üç әsas növünü göstәrmişdir: formasızlıq (amorfluq, asimmetriya, disharmoniya); qeyri-düzgünlük vә yanlışlıq; defiqurasiya vә ya çirkinlik. Əsasını F.Nitsşedәn götürәn postklassik estetikada E. anlayışına münasibәt 19 әsr realist incәsәnәtindә sosial baxımdan neqativ (çox vaxt eybәcәr) tәzahürlәrin tәsvir edilmәsi vә simvolizmdә E.-in özünәmәxsus şәkildә estetiklәşdirilmәsi sayәsindә әsaslı surәtdә dәyişdi. 20 әsrin 1-ci yarısının bәdii avanqard tәcrübәsinә әsaslanan T.Adorno özünün “Estetik nәzәriyyә”sindә (“Ästhetische Theorie”, 1970) “dәhşәt” anlayışı ilә әlaqәlәndirdiyi E. anlayışına yeni mәna vermәyә çalışdı. İncәsәnәtdә real iztirabın vә ona qarşı daxili üsyanın ifadәsi kimi E.-in sosial tәrәfini xüsusi vurğulayan Adorno 19 әsrin sonu – 20 әsr bәdii avanqardına xas әsәrlәrdә E.-in yeni estetik keyfiyyәtini müәyyәnlәşdirdi: eybәcәr çirkinlik qarşısında öz acizliyini hiss edәn bәdii avanqard, onun şәklini dәyişmәkdәn vә “forma qanunu” ilә “dәhşәtli olan”ı bәzәmәkdәn imtina edir. Bәdii-estetik düşüncә fenomeni kimi E. 20 әsr mәdәniyyәti vә incәsәnәtindә (ekspressionizm, sürrealizm, absurd teatrı) xüsusi yer tutmuşdur. Müasir postfreydist, poststrukturalist, postmodernist fәlsәfi-estetik nәzәriyyәlәri E.-in bütün digәr estetik fenomenlәrlә bir sırada vә bәrabәr әsaslar üzәrindә qәbul olunmasını әsaslandırır.