EYBƏCƏRLİKLƏR, anomaliyalar, teratomorflar – bitki, heyvan vә insan orqanlarının anormal quruluşu. E.-in ilk eksperimentlәri E.Joffrua Sent-İler tәrәfindәn toyuq rüşeymi üzәrindә aparılmış vә E.-i tәbiәt hadisәlәrinә dair tәlim kimi yaratmışdır (“Anatomiyanın fәlsәfәsi”, c. 2, 1822). Ali bitkilәrdә E. irsi vә qeyri-irsi olur. Bitkilәrdә E.-ә, әsasәn, kök, yarpaq, tumurcuq, zoğ, çiçәk, çiçәkyanlığı, toxum vә s. orqanlarda rast gәlinir. E. әn çox orqanların vә ya bütövlükdә bitkilәrin cırtdanboyluluq vә ya giqantizminә, çiçәyin vә meyvәnin anormal inkişafına (proliferasiya), çiçәyin çoxlәçәkliliyinә, “cadugәr süpürgәsi”nә, vivipariya vә s. hallara tәsadüf olunur. E. bitkinin toxuma vә hüceyrәlәrindә, hәmçinin hüceyrә orqanellәrindә baş verә bilәr. E. bitkilәrdә faydalı (buğdanın cırtdanboyluluğu, meyvәköklәrin giqantizmi vә s.) vә ya zәrәrli (qarağatda çoxlәçәklilik vә s.) ola bilәr. Onun bәzi formalarından qiymәtli bitkilәrin yetişdirilmәsi mәqsәdilә seleksiyada istifadә edilir.E. qeyri-adi temp-r, ionlaşdırıcı şüalanma, zәhәrli maddәlәr, әtraf mühitin çirklәnmәsi (qurğuşun, arsen vә s. birlәşmәlәrlә), oksigen çatışmazlığı, osmos tәzyiqinin dәyişilmәsi, bәzi dәrmanların tәsiri, elәcә dә parazitlәrlә yoluxma, hibridlәşdirmә, zәdәlәnmә, xromosomların anomaliyası vә s. ilә әlaqәdar olur.
Heyvanlarda E.-ә lentşәkilli qurdlarda sormacların sayının azalması vә artması, skoleksin (başcığın) ikilәşmәsi, hәlqәvi qurdların bәdәninin haçalanması, bәzi cücülәrdә bığcıqların azalması vә s. misal ola bilәr. E.-dәn dәrmanların bioloji sınaqdan keçirilmәsi, kimyәvi maddә vә fiziki amillәrin orqanizmә tәsirinin öyrәnilmәsi üçün istifadә olunur.
İnsanda bir sıra E. tәsvir olunmuşdur; bax İnkişaf qüsurları, Ksifopaqlar, Piqopaqlar. İnsanda E.-in baş vermәsinin qarşısının alınma imkanlarını vә onların, xüsusilә irsi xәstәliklәrin (mәs., hidrosefaliya, anoftalm, torlu qişanın koloboması, polidaktiliya, sindaktiliya vә s.) müalicәsi yollarını müәyyәn etmәk üçün E.-in başvermә sәbәblәrinin vә formalaşmasının öyrәnilmәsi çox mühüm әhәmiyyәtә malikdir. E.-in öyrәnilmәsi ilә teratologiya mәşğul olur.